Xəbərlər
65 illik yubiley tədbiri qeyd olunub

Salyan şəhəri Ə. Kürçaylı adına 7 nömrəli texniki və təbiət fənləri təmayüllü liseydə uzun illər ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən İsmayılova Zaputa Bayram qızının anadan olmasının 65-ci ildönümü liseyin kollektivi tərəfindən qeyd edilib.
Tədbirdə ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova iştirak edərək Zaputa xanımı yubiley münasibətilə təbrik edib, ona sağlam, mənalı və firavan həyat arzulayıb. Yubilyar komitə tərəfindən hədiyyə, mükafat və Təbriknamə ilə təltif edilib.
Uzun illər təhsil müəssisəsində birlikdə fəaliyyət göstərən iş yoldaşları Zaputa müəllimə haqqında xoş xatirələrini bölüşüblər.
Tədbirin kövrək və ən yaddaqalan məqamı yubilyarın ölkəmizin hüdudlarından kənarda yaşayan övladı, məktəbin Fəxri Məzunu - İslam İsmayılovun anasını təbrik etmək üçün Vətənə gəlməsi olub.
Salyan Rayon Ziyalılar Birliyinin sədri, "Əməkdar Müəllim"- Allahverdi Piriyev İslamın keçdiyi qürurverici təhsil və iş həyatından danışıb, cavan yaşlarından ömür-gün yoldaşını itirən Zaputa müəlliməyə təkbaşına yetişdirdiyi dəyərli övladlara görə rayonun təhsil ictimaiyyəti adından minnətdarlığını bildirib.
Göstərilən diqqət və dəyərə görə Zaputa müəllimə həm liseyin kollektivinə, həm də ETİHİ Salyan Rayon Komitəsinin rəhbərliyinə dərin minnətdarlıq hissi bildirib. Sonda yubilyarla xatirə şəkilləri çəkdirilib.







