Xəbərlər
65 illik yubileyləri münasibətilə məktəblərdə təntənəli tədbirlər keçirilmişdir.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsi ittifaq üzvlərinin yalnız əmək fəaliyyəti ilə bağlı deyil, eyni zamanda sosial və məişət problemlərinin həllində də yaxından iştirak edir, onların sevinc və kədər günlərində daim yanında olmağa çalışır.
Bu ənənənin davamı olaraq Masallı rayonu Dəlləkoba kənd E. Heybətov adına ümumi orta ümumtəhsil məktəbinin direktoru Rakit Həmidovun, Qdman kənd C.Kazımov adına tam orta ümumtəhsil məktəbinin müəllimi Bəybala Əliyevin və Mahmudavar kənd Q.Babayev adına ümumi orta ümumtəhsil məktəbinin texniki işçisi Əzizova Şahnaz Hilal qızın 65 illik yubileyləri münasibətilə məktəblərdə təntənəli tədbirlər keçirilmişdir.
Tədbirlərin keçirilməsində əsas məqsəd uzun illər təhsil sahəsində səmərəli fəaliyyət göstərmiş Rakit Həmidovun və Bəybala Əliyevin pedaqoji xidmətlərini, Şahnaz xanımın zəhmətkeşliyini, eləcə də hər üç yubilyarın kollektiv arasında qazandıqları böyük hörməti qeyd etmək olmuşdur.
Yubiley tədbirlərində ETİHİ Masallı Rayon Komitəsinin əməkdaşları Vahid Əhədov və Şahin Məmmədli iştirak edərək yubilyarları AHİK, ETİHİ RK-in rəhbərliyi və Masallı Rayon Komitəsinin sədri Rasim Nurullayevin adından səmimi qəlbdən təbrik etmiş, onlara möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.
Tədbirlər çərçivəsində Rakit Həmidova və Bəybala Əliyevə ETİHİ Masallı Rayon Komitəsinin Fəxri Fərmanı, Şahnaz Əzizovaya isə yubiley hədiyyəsi təqdim olunmuşdur. Hədiyyələri qəbul edən yubilyarlar göstərilən diqqət və qayğıya görə AHİK-in, ETİHİ Respublika Komitəsinin, eləcə də ETİHİ Masallı Rayon Komitəsinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmiş, bu cür tədbirlərin əmək adamlarına verilən yüksək dəyərin bariz nümunəsi olduğunu vurğulamışlar.
Sonda xatirə şəkilləri çəkilmiş, tədbirlər xoş və səmimi ovqatla davam etmişdir.








