Xəbərlər
65 İllik Şərəfli Ömür Yoluna Ehtiramla

Göyçay şəhəri Elton Əkbərov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin təsərrüfat müdiri Kərimov İlqar Əlimövsüm oğlunun 65 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilmişdir.
Tədbirdə məktəbin pedaqoji və texniki kollektivi, eləcə də ETİHİ Göyçay Rayon Komitəsinin nümayəndəsi iştirak etmişdir. Çıxış edənlər yubilyarın uzun illər ərzində təhsil ocağında göstərdiyi səmərəli fəaliyyətindən, məsuliyyətli və prinsipial mövqeyindən, kollektiv arasında qazandığı hörmət və nüfuzdan bəhs etmişlər.
İlqar müəllim çalışdığı müddət ərzində məktəbin maddi-texniki bazasının möhkəmləndirilməsi, təsərrüfat işlərinin yüksək səviyyədə təşkili istiqamətində böyük zəhmət sərf etmiş, daim öz işinə vicdanla yanaşaraq kollektivin etimadını qazanmışdır. Onun zəhmətkeşliyi, sadəliyi və insanpərvərliyi hər zaman həmkarları tərəfindən yüksək qiymətləndirilmişdir.
Yubiley tədbirində ona xoş arzular çatdırılmış, gələcək həyatında möhkəm cansağlığı, ailə səadəti və uzun ömür dilənmişdir.
Bu əlamətdar gün münasibətilə İlqar müəllimi bir daha təbrik edir, fəaliyyətində yeni uğurlar arzulayırıq!






