Xəbərlər
7 Oktyabr- Ümumdünya Layiqli Əmək Günü münasibətilə "Layiqli əmək-insan əməyinə hörmət deməkdir" adlı tədbir keçirilib.

7 Oktyabr 2026-cı il tarixində ETİHİ Salyan Rayon Komitəsində məktəbəqədər və ümumtəhsil müəssəsisələrinin ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan komitə sədri Aynur Əsgərova iştirakçıları salamlayaraq onları Ümumdünya Layiqli Əmək Günü münasibəti ilə təbrik edib. O, əməyin insanın yalnız qazanc mənbəyi deyil, həm də onun cəmiyyətə verdiyi töhfənin, özünə və ailəsinə olan məsuliyyətinin ən mühüm ifadəsi olduğunu qeyd edib. Komitə sədri bildirib ki, hər bir insan öz əməyinin qiymətləndirildiyi, hüquqlarının qorunduğu, təhlükəsiz və sağlam şəraitdə çalışdığı bir iş mühitinə layiqdir.
Layiqli əmək-ədalətli əməkhaqqı, təhlükəsiz və sağlam iş şəraiti, əmək hüquqlarının qorunması, sosial təminat və ən əsası, insan əməyinə hörmət deməkdir. Aynur Əsgərova vurğulayıb ki, bu baxımdan həmkarlar ittifaqlarının üzərinə böyük məsuliyyət düşür. Xüsusilə təhsil işçilərinin əməyindən danışarkən bu məsuliyyət daha böyük məna kəsb edir. Çünki müəllimin əməyi yalnız bu günə deyil, gələcəyə xidmət edir. Onun yetişdirdiyi hər bir şagird ölkəmizin sabahıdır. Buna görə də müəllim əməyinə hörmət, əslində, gələcəyimizə hörmətdir.
Komitə sədri ilk həmkarlar ittifaqı təşkilatlarının sədrlərinə fəaliyyətlərində uğurlar arzulayıb, daha sonra uğurlu fəaliyyət göstərən bir neçə ilk təşkilat sədri layiqli əmək günü münasibətilə təltif edilib.











