Xəbərlər
7 Oktyabr – Beynəlxalq Layiqli Əmək Günü münasibətilə tədbir keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Nizami Rayon Komitəsi tərəfindən 7 Oktyabr – Beynəlxalq Layiqli Əmək Günü münasibətilə Nizami rayonunda yerləşən 3 nömrəli xüsusi təhsil məktəbində tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə məktəbin foyesində şagirdlərin hazırladıqları əl işləri ilə tanış olub, onların yaradıcılıq nümunələrinə baxış keçiriblər.
Daha sonra tədbir Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov 7 Oktyabr – Beynəlxalq Layiqli Əmək Gününün əhəmiyyətindən danışıb. O, layiqli əməyin yalnız əməkhaqqı ilə məhdudlaşmadığını, işçilərin əmək hüquqlarının qorunması, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, sosial müdafiənin gücləndirilməsi və işçi-rəhbərlik münasibətlərində qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıb.
Sübut Əsədov qeyd edib ki, təhsil sahəsində layiqli əmək mühitinin yaradılması müəllimlərin və digər təhsil işçilərinin fəaliyyətinə, nəticə etibarilə təhsilin keyfiyyətinə birbaşa təsir göstərir. Bu baxımdan həmkarlar ittifaqları əmək hüquqlarının müdafiəsi, sosial təminatın gücləndirilməsi və təhsil işçilərinin maraqlarının qorunmasında mühüm rol oynayır.
O, elm və təhsil işçilərinin hüquqlarının qorunması, əmək şəraitinin daha da yaxşılaşdırılması və bu istiqamətdə həmkarlar ittifaqlarının fəaliyyətinin gücləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Daha sonra məktəbin direktoru Cəmilə Həsənova çıxış edərək müəllim və digər təhsil işçilərinin əməyinin cəmiyyətin inkişafındakı mühüm rolundan söz açıb, bütün əməkdaşları Beynəlxalq Layiqli Əmək Günü münasibətilə təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbir çərçivəsində məktəbin İlk Həmkarlar Təşkilatının sədri Arzu Cəfərovanın 65 illik yubileyi və “Əmək veteranı” adına layiq görülməsi münasibətilə təltif mərasimi keçirilib. Onun uzun illər ərzində göstərdiyi səmərəli əmək fəaliyyəti və həmkarlar ittifaqı sahəsində xidmətləri yüksək qiymətləndirilib, yubilyara xoş arzular çatdırılıb.
Tədbirin sonunda 3 nömrəli xüsusi təhsil məktəbinin 2026-cı ildə sertifikasiya imtahanında yüksək nəticə göstərmiş müəllimləri Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Nizami Rayon Komitəsi tərəfindən Fəxri Fərmanla təltif olunublar.
Tədbir iştirakçılarına təşəkkür edilib, təhsil işçilərinə təhlükəsiz, layiqli və məhsuldar əmək şəraiti, fəaliyyətlərində yeni nailiyyətlər arzulanıb.







