Xəbərlər
7 oktyabr Ümumdünya Layiqli Əmək Günü maarifləndirici tədbir keçirildi

7 oktyabr Ümumdünya Layiqli Əmək Günü.
7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar maarifləndirici görüşlər təşkil olunub.
Görüşlərin keçirilməsində əsas məqsəd təhsil işçilərinin əmək hüquqları ilə bağlı məlumatlılığının artırılması, layiqli əmək prinsiplərinin təşviqi, sağlam və təhlükəsiz əmək şəraitinin əhəmiyyəti barədə məlumatların diqqətə çatdırılması, həmçinin əmək münasibətlərində qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyinin izah edilməsi olub.
Maarifləndirici tədbirlər zamanı Ümumdünya Layiqli Əmək Gününün mahiyyəti və bu günün əmək hüquqlarının müdafiəsi baxımından əhəmiyyəti barədə məlumat verilib. Bildirilib ki, layiqli əmək prinsiplərinin əsasını işçilərin hüquqlarının qorunması, ədalətli və təhlükəsiz əmək şəraitinin yaradılması, sosial müdafiənin təmin edilməsi və əmək münasibətlərində bərabərlik təşkil edir.
Tədbirlərdə məcburi əmək və onun müxtəlif formaları, məcburi əməyin qarşısının alınması və bu sahədə qanunvericiliklə müəyyən edilmiş tələblər də müzakirə olunub. Əmək münasibətlərinin könüllü razılıq, qanunçuluq və qarşılıqlı öhdəliklər əsasında qurulmasının zəruriliyi vurğulanıb.
Görüşlərdə xüsusi diqqət yetirilən məsələlərdən biri də yetkinlik yaşına çatmayanların əmək hüquqları olub. İştirakçılara uşaqların sağlamlığına, təhlükəsizliyinə və mənəvi inkişafına zərər vura biləcək əmək fəaliyyətinə cəlb edilməsinin yolverilməzliyi, eləcə də onların gecə əməyindən qorunması ilə bağlı qanunvericilik tələbləri izah edilib.
Bununla yanaşı, əmək fəaliyyətinə cəlb olunan yetkinlik yaşına çatmayanların təhsil hüquqlarının qorunmasının vacibliyi qeyd olunub. Onların təhsil prosesindən kənarlaşdırılmaması və əmək şəraitinin yaş xüsusiyyətləri nəzərə alınmaqla təşkil edilməsinin zəruriliyi diqqətə çatdırılıb.
Maarifləndirici görüşlər zamanı əmək fəaliyyətinə qəbul üçün müəyyən edilmiş yaş həddi, uşaq əməyinin qarşısının alınması və uşaqların hüquqlarının müdafiəsi ilə bağlı əsas hüquqi müddəalar da iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirlərdə, həmçinin əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi məsələsi müzakirə edilib. İşə qəbul, əmək şəraitinin müəyyənləşdirilməsi, vəzifədə irəliləyiş və əmək müqaviləsinə xitam verilməsi zamanı ailə vəziyyətinə görə ayrı-seçkiliyə yol verilməməsinin vacibliyi bildirilib.
Əmək hüquqları ilə bağlı belə maarifləndirici tədbirlərin keçirilməsi təhsil işçilərinin hüquqi biliklərinin artırılmasına, əmək münasibətlərində qanunçuluq və sosial ədalət prinsiplərinin möhkəmləndirilməsinə, eləcə də işçilərin hüquq və təminatlarının daha yaxşı mənimsənilməsinə xidmət edir.




