Xəbərlər
8 Mart – Beynəlxalq Qadınlar Günü Tədbiri
ETİHİ Abşeron Rayon Komitəsinin təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə təhsil müəssisələrinin müəllim kollektivləri, şagirdlər və qonaqlar iştirak edərək bayram sevincini bölüşüblər.
Tədbiri giriş sözü ilə ETİHİ Abşeron Rayon Komitəsinin sədri Fəxrəddin Eyvazov açaraq qadınların cəmiyyət həyatında tutduğu mühüm mövqedən, onların tarix boyu göstərdiyi fədakarlıqdan və Azərbaycan qadınının yüksək mənəvi dəyərlərindən bəhs edib. O bildirib ki, qadınlar ailənin mənəvi dayağı olmaqla yanaşı, dövlət quruculuğunda, təhsil sahəsində, elm və mədəniyyət mühitində mühüm xidmətlər göstərir. Fəxrəddin Eyvazov bütün xanımları bayram münasibətilə təbrik edərək onlara möhkəm cansağlığı, uğurlar və firavan həyat arzulayıb.
Tədbir çərçivəsində şagirdlərin ifasında şeirlər səsləndirilib, rəqs və musiqi nömrələri təqdim olunub. Qadınlara ithaf olunan videoçarx böyük maraqla izlənilib. Şagirdlərin hazırladıqları çıxışlar tədbirə xüsusi rəng qataraq iştirakçılara xoş ovqat bəxş edib.
Sonra Rəyasət Heyətinin üzvü Könül Nəcəfova çıxış edərək qadınlara göstərilən diqqət və ehtiramın cəmiyyətin inkişafında mühüm rol oynadığını qeyd edib, bütün xanımları bu əlamətdar gün münasibətilə təbrik edib.
Daha sonra Əməkdar müəllim Təyyubə Hüseynova çıxışında Azərbaycan qadınının zəhmətkeşliyindən, sədaqətindən və yüksək mənəvi keyfiyyətlərindən bəhs edərək qadınların hər zaman böyük hörmətə layiq olduğunu vurğulayıb.
Tədbir bayram əhval-ruhiyyəsi ilə davam edib, iştirakçılar üçün unudulmaz anlarla yadda qalıb. Sonda tədbirdə iştirak edən xanımlara bayram münasibətilə hədiyyələr təqdim olunub.



