Xəbərlər
8 Noyabr - Zəfər gününə həsr olunmuş tədbir keçirildi

07 noyabr 2026-cı il tarixində Qubadlı Rayon İcra Hakimiyyəti və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Qubadlı Rayon Komitəsinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən 28 May Mədəniyyət Evində 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Milli Məclisin deputatları İmamverdi İsmayılov və Ceyhun Məmmədov, YAP Qubadlı rayon təşkilatının sədri Təhməsib Rüstəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Proqram çərçivəsində Vətən müharibəsində qazanılmış tarixi Zəfərin şanlı salnaməsini əks etdirən “Zəfərə aparan yol” filmi nümayiş olundu. Film iştirakçılara 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq tarixini bir daha xatırlatdı.
Tədbir boyunca Zəfərimizin qüruru, şəhidlərimizin əziz xatirəsi, qazilərimizin şücaəti və xalqımızın birliyi xüsusi ehtiramla vurğulandı.
ETİHİ Qubadlı Rayon Komitəsi olaraq belə əlamətdar tədbirin təşkilatçılarından biri olmaqdan qürur duyur, Vətənimizin müdafiəsində misilsiz qəhrəmanlıq göstərmiş şəhidlərimizi dərin ehtiramla yad edir, qazilərimizə və müharibə iştirakçılarımıza minnətdarlığımızı bildiririk.
Zəfər tariximiz, qəhrəmanlarımız və Qubadlı-nı yaşadan dəyərlərimiz daim yaşayacaq!






