Xəbərlər
8 NOYABR – ZƏFƏR GÜNÜ MÜNASİBƏTİLƏ MƏKTƏBDƏ TƏNTƏNƏLİ BAYRAM TƏDBİRİ KEÇİRİLİB

Ağcabədi şəhər Səməd Vurğun adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli bayram tədbiri keçirilib.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər xalqımızın qürur mənbəyi, milli birliyimizin və sarsılmaz iradəmizin təcəssümüdür.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Müəllim və şagirdlər Vətənə, torpağa, qəhrəmanlığa və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş mövzularda çıxışlar edib, şeirlər səsləndirib, maraqlı səhnəciklər və tamaşalar nümayiş etdiriblər. Hazırlanan rəqs nömrələri tədbirə xüsusi rəng qatıb, şagirdlərin ifaları isə iştirakçılara qürur və duyğu dolu anlar yaşadıb.
Tədbir çərçivəsində ETİHİ Ağcabədi Rayon Komitəsinin sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının müəllim kollektivi və məktəbin direktoru Bayram Novruzlu, eləcə də digər əməkdaşlar hər il olduğu kimi, bu il də məktəbin ənənəsinə sadiq qalaraq əməkdaşlıq etdikləri şəhid Ağaqardaş İlham oğlu Abbasovun məzarını ziyarət ediblər. Şəhidin ailə üzvləri ilə görüşülüb, səmimi söhbət aparılıb, onların qayğıları ilə maraqlanılıb.
Tədbirin ən kövrək və mənalı anlarından biri şəhid övladının məktəb rəhbərliyi tərəfindən hədiyyə ilə təltif olunması olub. Bu diqqət və qayğı şəhidlərimizin bizə əmanət qoyduğu övladlarına göstərilən ehtiramın, sevginin və minnətdarlığın bariz ifadəsi olub.
Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq! Zəfərimiz əbədi, birliyimiz sarsılmaz olsun!











