Xəbərlər
8 Noyabr – Zəfər Günü münasibətilə 285 nömrəli tam orta məktəbdə tədbir keçirilib

8 Noyabr – Zəfər Günü münasibətilə Suraxanı rayonunun 285 nömrəli tam orta məktəbində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Suraxanı Rayon Komitəsinin təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə ETİHİ Suraxanı Rayon Komitəsinin nümayəndəsi Elşad Çobanlı, 285 nömrəli tam orta məktəbin direktoru Nuranə Yəhyayeva, Komitənin Hərbi-vətənpərvərlik komissiyasının sədri Vasif Hidayətov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov, eləcə də rayonun ümumtəhsil məktəblərində çalışan gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri (hərbi hazırlıq müəllimləri) iştirak ediblər.
Əvvəlcə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən ETİHİ Suraxanı Rayon Komitəsinin nümayəndəsi Elşad Çobanlı 8 Noyabr – Zəfər Gününün tarixi əhəmiyyətindən danışıb. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbənin xalqımızın birliyinin və Azərbaycan Ordusunun qüdrətinin təcəssümü olduğunu vurğulayaraq, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsində müəllimlərin rolunu yüksək qiymətləndirib.
285 nömrəli tam orta məktəbin direktoru Nuranə Yəhyayeva çıxışında Zəfər Gününün xalqımızın milli qürur mənbəyi olduğunu bildirib. O, şagirdlərə Vətən sevgisinin, milli dəyərlərə hörmətin və dövlətə sədaqət hissinin aşılanmasının vacibliyini diqqətə çatdırıb.
ETİHİ Suraxanı Rayon Komitəsinin Hərbi-vətənpərvərlik komissiyasının sədri Vasif Hidayətov gənclərin çağırışaqədərki hazırlığının əhəmiyyətindən danışaraq, hərbi hazırlıq müəllimlərinin gənc nəslin vətənpərvər, intizamlı və məsuliyyətli vətəndaş kimi formalaşmasındakı xidmətlərini vurğulayıb.
"Azərbaycan Vətən Müharibəsi Veteranları" İctimai Birliyinin Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov çıxışında Vətən müharibəsində Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıqdan söz açıb, şəhidlərimizin xatirəsinin yaşadılmasının və onların keçdiyi şərəfli döyüş yolunun gənc nəslə tanıdılmasının əhəmiyyətini qeyd edib.
Tədbirdə çıxış edənlər arasında döyüş yolu keçmiş digər natiqlər də Vətən uğrunda mübarizə illərinə dair xatirələrini bölüşərək tarixi Zəfərimizin əhəmiyyətindən, şəhidlərimizin qəhrəmanlığından və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinin vacibliyindən danışıblar.
Tədbirin sonunda 285 nömrəli tam orta məktəbin direktoru Nuranə Yəhyayeva, Komitənin Hərbi-vətənpərvərlik komissiyasının sədri Vasif Hidayətov və gənc nəslin hərbi-vətənpərvərlik ruhunda yetişdirilməsində göstərdikləri xidmətlərə görə hərbi hazırlıq müəllimləri 8 Noyabr – Zəfər Günü münasibətilə ETİHİ Suraxanı Rayon Komitəsi tərəfindən təltif olunub, onlara qiymətli hədiyyələr təqdim edilib.













