Xəbərlər
8 Noyabr – Zəfər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kürdəmir Rayon Komitəsi və Kürdəmir Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Kürdəmir rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə şəhid ailələri və müharibə veteranları ilə görüş keçirilib
8 Noyabr – Zəfər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kürdəmir Rayon Komitəsi və Kürdəmir Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbir çərçivəsində təhsil sahəsində çalışan bir qrup şəhid ailəsi üzvü və müharibə veteranları ilə birgə Şəhidlər Xiyabanı ziyarət olunub. Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.
Daha sonra Kürdəmir Rayon Təhsil Sektorunun müdiri Rafail Məmmədov və ETİHİ Kürdəmir Rayon Komitəsinin sədri Samir Şükürov çıxış edərək şəhidlərimizin və qazilərimizin Vətən uğrunda göstərdikləri qəhrəmanlıq və fədakarlıqdan bəhs edib, onların şücaətinin gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olduğunu vurğulayıblar.
Görüş zamanı şəhid ailələri və müharibə veteranları Zəfər Günü münasibətilə təbrik edilib, göstərdikləri xidmətlərə görə təhsil sahəsində çalışan şəhid ailəsi üzvü və müharibə veteranlarına ETİHİ Kürdəmir rayon komitəsi tərəfindən mükafat verilib.
Zəfər,xalqımızın milli birliyinin, Vətən sevgisinin və qəhrəmanlığının təntənəsidir. Şəhidlərimizin əziz xatirəsini yaşatmaq, onların ailələrinə və müharibə veteranlarına diqqət və qayğı göstərmək hər zaman bizim mənəvi borcumuzdur.
Zəfər tariximiz,qürurumuz, şəhidlərimiz baş tacımızdır!
8 Noyabr – Zəfər Günümüz mübarək!













