Xəbərlər
8 Noyabr – Zəfər Günü münasibətilə ETİHİ Suraxanı Rayon Komitəsi Zəfər Günündə Şəhidlər xiyabanını ziyarət edib

Dədə Qorqud qəbiristanlığı ərazisində Şəhidlər Xiyabanını ziyarətdə ETİHİ Suraxanı Rayon Komitəsinin nümayəndəsi Elşad Çobanlı, Komitənin Hərbi-vətənpərvərlik komissiyasının sədri Vasif Hidayətov, eləcə də Suraxanı rayonunun ümumtəhsil məktəblərində çalışan gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri (hərbi hazırlıq müəllimləri) iştirak ediblər.
Əvvəlcə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şəhidlərin məzarları üzərinə gül dəstələri düzülərək onların xatirəsinə dərin ehtiram ifadə olunub.
ETİHİ Suraxanı Rayon Komitəsinin nümayəndəsi Elşad Çobanlı çıxışında 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının tarixində müstəsna əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, tarixi Qələbənin qazanılmasında Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı həlledici rol oynayıb. O, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin daim uca tutulacağını, qazilərimizin göstərdikləri şücaət və fədakarlığın isə gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olduğunu qeyd edib.
ETİHİ Suraxanı Rayon Komitəsinin Hərbi-vətənpərvərlik komissiyasının sədri Vasif Hidayətov çıxışında Vətən müharibəsində şəhidlərimizin və qazilərimizin göstərdikləri qəhrəmanlıq və fədakarlıqdan bəhs edib. O, gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, Vətənə sədaqət və vətənpərvərlik ruhunda yetişdirilməsinin əhəmiyyətini vurğulayıb. Pedaqoji fəaliyyəti dövründə yetişdirdiyi, sonradan Vətən müharibəsində iştirak edərək şücaət göstərmiş keçmiş şagirdlərini qürur hissi ilə xatırlayan Vasif Hidayətov onların qəhrəmanlığının gənclər üçün örnək olduğunu bildirib. O, şəhidlərimizin əziz xatirəsinin yaşadılmasının, qazilərimizin döyüş yolunun gələcək nəsillərə tanıdılmasının hər birimizin mənəvi borcu olduğunu qeyd edib.
Tədbirdə çıxış edən digər natiqlər də Ümummilli Lider Heydər Əliyevin uzaqgörən dövlətçilik siyasətindən, Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi qətiyyətli rəhbərliyindən və Azərbaycan Ordusunun tarixi Qələbəsindən söz açıblar.
Çıxış edənlər arasında döyüş yolu keçmiş şəxslər Vətən uğrunda mübarizə illərinə dair xatirələrini bölüşərək Azərbaycan hərbçilərinin göstərdikləri qəhrəmanlıq, döyüş yoldaşlarının fədakarlığı və xalqımızın sarsılmaz birlik ruhundan danışıblar. Şəhidlərimizin müqəddəs amal uğrunda canlarından keçərək yazdıqları qəhrəmanlıq tarixinin heç zaman unudulmayacağı, qazilərimizin isə xalqımızın qürur mənbəyi olduğu xüsusi qeyd edilib.
Çıxışlarda, həmçinin, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində təhsil müəssisələrinin, pedaqoji kollektivlərin və hərbi hazırlıq müəllimlərinin üzərinə mühüm vəzifələr düşdüyü diqqətə çatdırılıb. Bildirilib ki, şəhidlərimizin həyat və döyüş yolunun gənc nəslə tanıdılması, onların qəhrəmanlıq nümunələrinin təbliği milli yaddaşın qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Ziyarət şəhidlərimizin əziz xatirəsinə dərin ehtiram, Vətənimizin müstəqilliyi və suverenliyi uğrunda göstərilən qəhrəmanlığa sonsuz minnətdarlıq hissləri ilə başa çatıb.










