Xəbərlər
8 Noyabr – Zəfər Günü münasibətilə Həmkarlar İttifaqı Komitəsi tərəfindən təşkil olunmuş tədbir.

Azərbaycan Texniki Universitetində (AzTU) 8 Noyabr – Zəfər Günü münasibətilə Həmkarlar İttifaqı Komitəsi tərəfindən təşkil olunmuş tədbir keçirilib. Səmimi otaq şəraitində baş tutan görüşdə 12 nəfər müharibə iştirakçısı və qazi, həmçinin Universitetin rektoru Vilayət Vəliyev, tələbələrlə iş və sosial fəaliyyətlər şöbəsinin müdiri Rəna Cəbrayılova və Həmkarlar İttifaqının nümayəndələri iştirak ediblər.
Tədbir torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
AzTU Həmkarlar İttifaqı Komitəsinin sədri Lalə Piriyeva çıxış edərək 8 Noyabr Zəfər Gününün Azərbaycan tarixinin ən şanlı səhifəsi olduğunu vurğulayıb. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli ordumuzun şücaəti sayəsində qazanılan bu qələbə xalqımızın qürur mənbəyidir. Otaqda toplaşan 12 nəfər müharibə veteranına Həmkarlar İttifaqı adından xüsusi təşəkkür ifadə olunub və onlara hər zaman diqqət və qayğının davam edəcəyi bildirilib.
Görüş zamanı müharibə iştirakçıları cəbhə xatirələrini, döyüş yollarını və qazanılan böyük Zəfərin təəssüratlarını bölüşüblər. Çay süfrəsi arxasında keçən səmimi söhbətdə veteranlar göstərilən diqqətə görə universitet rəhbərliyinə və Həmkarlar İttifaqına minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda Həmkarlar İttifaqı Komitəsi tərəfindən 12 nəfər müharibə veteranının hər birinə pul mükafatı təqdim olunub və birgə xatirə fotosu çəkdirilib.






