Xəbərlər
8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfərin varisləri” adlı tədbir keçirilib

8 Noyabr – Zəfər Günü münasibətilə Suraxanı rayonundakı 285 nömrəli tam orta məktəbdə “Zəfərin varisləri” adlı ədəbi-bədii tədbir keçirilib.
Əvvəlcə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin əhəmiyyətindən, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik və ordu quruculuğu siyasətindən, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan danışıblar. Şəhidlərin fədakarlığı, qazilərin şücaəti və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyi xüsusi vurğulanıb.
Bədii hissədə şagirdlərin ifasında səsləndirilən vətənpərvərlik mövzusunda şeirlər, mahnılar, nümayiş etdirilən rəqslər və kompozisiyalar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Çıxışlarda xalqımızın qəhrəmanlıq tarixi, milli birlik və Zəfər sevinci əks olunub.
Tədbirdə ETİHİ Suraxanı Rayon Komitəsinin nümayəndəsi Elşad Çobanlı, Komitənin Hərbi-vətənpərvərlik komissiyasının sədri Vasif Hidayətov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov, rayonun ümumtəhsil məktəblərində çalışan gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri, şəhid ailələrinin üzvləri və pedaqoji kollektivin nümayəndələri iştirak ediblər.
Məktəbin direktoru Nuranə Yəhyayeva bildirib ki, tədbir Azərbaycan dili və ədəbiyyatı müəllimi Könül Ağasıyevanın təşkilatçılığı, 6B, 7C, 7A və 8C sinif şagirdlərinin fəal iştirakı ilə hazırlanıb. O, belə tədbirlərin şagirdlərdə milli-mənəvi dəyərlərə bağlılığın, Vətən sevgisinin və tarixi Zəfərimizə qürur hissinin gücləndirilməsində mühüm rol oynadığını qeyd edib.
Tədbirin sonunda məktəbin direktoru Nuranə Yəhyayeva 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən tədbirin təşkilində göstərdiyi fəallığa və şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsinə verdiyi töhfələrə görə ETİHİ Suraxanı Rayon Komitəsinin Təşəkkürnaməsi ilə təltif edilib.










