Xəbərlər
8 Noyabr – Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən 8 Noyabr – Zəfər Günü münasibətilə şəhid ailələrinin üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları və təhsil işçiləri üçün bayram tədbiri təşkil olunub.
Tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları, təhsil işçiləri, eləcə də Bərdə Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin sədri Misir Ənvərli çıxış edərək Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyi adından tədbir iştirakçılarını 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. O, bu əlamətdar günün xalqımızın qəhrəmanlıq tarixində xüsusi yer tutduğunu vurğulayaraq, Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin daim ehtiramla yad edildiyini, qazilərimizin və müharibə iştirakçılarının qəhrəmanlıqlarının heç zaman unudulmayacağını bildirib.
Tədbirin bədii hissəsində Bərdə Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri tərəfindən rəqs nömrələri təqdim olunub, vətənpərvərlik ruhunda mahnılar ifa edilib. İştirakçılar tərəfindən maraqla qarşılanan çıxışlar tədbirə xüsusi rəng qatıb.
Səmimi və xoş əhval-ruhiyyə şəraitində keçən tədbirdə iştirakçılar onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.
Tədbir yüksək əhval-ruhiyyə və bayram sevinci ilə başa çatıb və sonda xatirə şəkili çəkilib.










