“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

8 Noyabr – Zəfər Gününə həsr olunmuş hərbi rəhbərlər arasında intellektual oyun

02/11/2026, 22:09
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı

ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatçılığı ilə Səadət Şükürova adına 3 nömrəli tam orta məktəbdə Ağstafa Təhsil Sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan hərbi rəhbərlərin iştirakı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş intellektual oyun keçiridi.

Tədbirin əsas məqsədi Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış Zəfər salnaməsini bir daha yad etmək, Vətən müharibəsində qazanılmış tarixi Qələbənin mahiyyətini və əhəmiyyətini təbliğ etmək, hərbi-vətənpərvərlik ruhunu yüksəltmək, eləcə də təhsil işçiləri arasında intellektual bacarıqların, komanda ruhunun və sağlam rəqabətin inkişafına töhfə vermək oldu.

Tədbir çərçivəsində ilk olaraq məktəbdə Zəfər Gününə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirildi. Şagirdlərin böyük həvəslə hazırladıqları rəsm əsərləri və əl işlərində Vətən sevgisi, qəhrəmanlıq, milli birlik, Azərbaycan bayrağına və dövlətçilik dəyərlərinə bağlılıq öz əksini tapıb. Sərgi iştirakçılar tərəfindən maraqla qarşılandı və Zəfər tariximizin gənc nəslin yaradıcılığında necə yaşadığını bir daha nümayiş etdirdi.

Daha sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıqdan, qazilərimizin və veteranlarımızın fədakarlığından, xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylikdən söz açdılar. Qeyd olundu ki, qazanılan tarixi Zəfər hər bir azərbaycanlının qürur mənbəyi olmaqla yanaşı, gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbidir. Bu gün təhsil müəssisələrində hərbi rəhbərlərin üzərinə düşən əsas vəzifələrdən biri də şagirdlərə Vətən sevgisini aşılamaq, milli-mənəvi dəyərlərimizi, qəhrəmanlıq tariximizi və dövlətçilik ənənələrimizi dərindən öyrətməkdir.

Çıxışlardan sonra intellektual oyuna start verildi. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda iştirakçılar öz bilik və dünyagörüşlərini, məntiqi təfəkkürlərini, çevik düşünmə və komanda şəklində qərar qəbul etmək bacarıqlarını nümayiş etdirdilər.

Qazilərin və müharibə veteranlarının da iştirak etdiyi intellektual oyun tədbirə xüsusi məna və rəng qatdı. Onların iştirakı yarışın həm mənəvi, həm də vətənpərvərlik baxımından əhəmiyyətini daha da artırıb. İştirakçılar tərəfindən böyük maraq və həvəslə qarşılanan oyun xoş təəssüratlarla yadda qaldı.

Tədbirdə iştirak edən hərbi rəhbərlər belə bir intellektual yarışın təşkil olunmasını yüksək qiymətləndirərək, təhsil işçiləri arasında həmrəyliyin gücləndirilməsi, bilik və bacarıqların inkişaf etdirilməsi, eyni zamanda, Zəfər Gününün mahiyyətinin daha geniş təbliği baxımından bu cür tədbirlərin mühüm əhəmiyyət daşıdığını bildirdilər. Təşkilatçılara, xüsusilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinə tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını ifadə etdilər.

Yarışın yekununda nəticələrə əsasən birinci, ikinci və üçüncü yerlərin qalibləri müəyyənləşdirildi. Qaliblər Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olundular. İştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulandı.

Qeyd edək ki, Zəfər Gününə həsr olunmuş bu cür tədbirlərin keçirilməsi hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, qazilərimizə və veteranlarımıza ehtiramın ifadə olunması, şəhidlərimizin əziz xatirəsinin yaşadılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsi bundan sonra da təhsil işçilərinin sosial, mədəni və intellektual inkişafına xidmət edən, milli-mənəvi dəyərlərimizin və vətənpərvərlik ruhunun təbliğinə yönələn tədbirlərin təşkilini davam etdirəcək.

Zəfərimiz daim olsun!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: