Xəbərlər
8 Noyabr-Zəfər Gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə rayon birinciliyi keçirilib

05 noyabr 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qəbələ Rayon Komitəsinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qəbələ rayon təhsil sektorunun, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş gənc müəllimlər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə rayon birinciliyi keçirilib.
Vahid Qəhrəmanov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunan Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ETİHİ Qəbələ Rayon Komitəsinin sədri Camal Qurbanov və Qəbələ rayon təhsil sektorunun müdiri Arifə Bayramova çıxış ediblər. Çıxışlarda 8 Noyabr-Zəfər Gününün tarixi əhəmiyyəti, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və qəhrəmanlıq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfər, eləcə də Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsinin əhəmiyyəti vurğulanıb. Gənclərin vətənpərvərlik ruhunda yetişməsində, milli-mənəvi dəyərlərə bağlılığının artırılmasında bu cür tədbirlərin mühüm rol oynadığı qeyd edilib.
İntellektual oyunda Qəbələ rayonunun ümumtəhsil məktəblərini təmsil edən 14 komanda bilik və məntiq bacarıqlarını nümayiş etdirərək qalibiyyət uğrunda mübarizə aparıb.
Yarışın əsas məqsədi gənc müəllimlər arasında vətənpərvərlik ruhunu yüksəltmək, 8 Noyabr – Zəfər Gününün tarixi əhəmiyyətini, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi milli birlik, qəhrəmanlıq və vətənpərvərlik nümunələrini təbliğ etmək, tarixi Zəfərimizin daha dərindən öyrənilməsinə, gənclərin bilik və dünyagörüşünün artırılmasına, məntiqi təfəkkürlərinin inkişafına töhfə vermək olub.
Gərgin və maraqlı mübarizənin sonunda qalib komandalar müəyyənləşib:
🏆 I yer – Vahid Qəhrəmanov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi;
🏆 II yer – Pərviz Osmanov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbi;
🏆 III yer – İlham Abdulkərimov adına Nohurqışlaq kənd tam orta ümumtəhsil məktəbi.
Qalib komandalara ETİHİ Qəbələ Rayon Komitəsi tərəfindən diplom və hədiyyələr, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi tərəfindən isə diplom və medallar təqdim olunub.
Tədbir iştirakçıların xatirə fotosunun çəkilməsi ilə başa çatıb.
































