“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

8 Noyabr – Zəfər Gününə həsr olunmuş şahmat turniri

02/11/2026, 22:03
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı

ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatçılığı ilə Ağstafa şəhər Uşaq Gənclər Şahmat və İdman Məktəbinin müəllimləri arasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş şahmat turniri keçirildi.

Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanın şanlı Zəfər tarixini bir daha yad etmək, Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əhəmiyyətini vurğulamaq, şəhidlərimizin əziz xatirəsini ehtiramla anmaq, həmçinin müəllimlər arasında idmana, xüsusilə də şahmat idman növünə marağı artırmaq, kollektivdə sağlam rəqabət və dostluq münasibətlərini möhkəmləndirməkdir.

Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Daha sonra çıxışlarda 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıqdan, hərbçilərimizin döyüş meydanında nümayiş etdirdikləri şücaət və fədakarlıqdan, xalqımızın birlik və həmrəyliyindən söhbət açıldı. Qeyd olundu ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu möhtəşəm Qələbə xalqımızın iradəsinin, milli birliyinin, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun gücünün təntənəsidir.

Tədbirdə Ağstafa şəhər Şahmat və İdman Məktəbinin müəllimi, şəhid Subhan Kərimovun atası Murtuz Kərimov da çıxış edərək qəhrəman oğlunun həyat yolundan, Vətənə olan sonsuz sevgisindən, döyüşlərdə göstərdiyi igidlik və şücaətdən danışdı. O, şəhidimizin Vətən torpağının azadlığı uğrunda göstərdiyi fədakarlığın heç vaxt unudulmayacağını vurğuladı. Bildirdi ki, şəhidlərimizin qəhrəmanlığı gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir. Onların əziz xatirəsini yaşatmaq, göstərdikləri qəhrəmanlığı gənc nəslə aşılamaq hər birimizin mənəvi borcudur.

Çıxışlardan sonra şahmat turnirinə start verildi. Yarış iştirakçıları öz bilik və bacarıqlarını, strateji düşünmə qabiliyyətlərini, diqqət və məntiqi təfəkkürlərini nümayiş etdirərək maraqlı və gərgin mübarizə apardılar. Turnir dostluq, qarşılıqlı hörmət və sağlam rəqabət şəraitində keçdi. İştirakçılar şahmat taxtası arxasında öz ustalıqlarını göstərməklə yanaşı, idmanın insan həyatında, xüsusilə də müəllimlərin asudə vaxtının səmərəli təşkilində və intellektual inkişafında mühüm rolunu bir daha nümayiş etdirdilər.

Yarışın sonunda turnirin nəticələrinə əsasən ilk üç yeri tutan iştirakçılar müəyyənləşdirildii. Qaliblər təşkilatçılar tərəfindən müvafiq diplom və mükafatlarla təltif olundular. Onlara gələcək yarışlarda da uğurlar arzulandı.

Qeyd edək ki, bu cür tədbirlərin təşkili müəllim kollektivləri arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması, həmrəyliyin və kollektiv ruhun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Zəfər Gününə həsr olunan belə tədbirlər xalqımızın qəhrəmanlıq tarixinin unudulmamasına, şəhidlərimizin əziz xatirəsinin daim yaşadılmasına və vətənpərvərlik ruhunun daha da yüksəldilməsinə xidmət edir.

Azərbaycanın Zəfəri əbədidir! Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: