Xəbərlər
“8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş şahmat yarışı keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi və Goranboy Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə "8 Noyabr – Zəfər Günü"nə həsr olunmuş şahmat yarışı keçirilib. 1-6 noyabr 2026-cı il tarixlərini əhatə edən yarışda 3 yaş qrupu üzrə oğlanlar, 2 yaş qrupu üzrə qızlar olmaqla, ümumilikdə 46 nəfər idmançı şagird qalibiyyət uğrunda mübarizə aparıb. Dairəvi sistem üzrə təşkil olunan yarışda iştirakçılar öz şahmat bacarıq və məharətlərini nümayiş etdiriblər. Yarışın keçirilməsində əsas məqsəd Zəfər Gününün tarixi əhəmiyyətini gənc nəslə aşılamaq, idmanın vətənpərvərlik tərbiyəsindəki rolunu önə çəkmək, məktəblilər arasında şahmat idman növünə marağı artırmaq, onların məntiqi təfəkkür və strateji düşünmə qabiliyyətlərini inkişaf etdirmək, həmçinin istedadlı şahmatçıları üzə çıxarmaq olub. Tədbirdə çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsinin sədri Kamil Baxşəliyev iştirakçıları "Zəfər Günü" münasibətilə təbrik edib, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin xalqımızın birliyi, qəhrəmanlığı və milli iradəsinin təntənəsi olduğunu vurğulayıb. O, yarış iştirakçılarına uğurlar arzulayaraq, şahmat idman növünün yeniyetmə və gənclərin fiziki, eləcə də intellektual inkişafında mühüm əhəmiyyət daşıdığını qeyd edib. Yarışın yekununda qalib və mükafatçılar müəyyənləşdirilərək Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy Rayon Komitəsi tərəfindən diplom, medal və hədiyyə ilə təltif olunub.






















