“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirildi

08/11/2026, 08:55
xeber1

8 Noyabr – Zəfər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsinin təşkilatçılığı ilə tədbir keçirildi.


Tədbirdə şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndələri, təhsil işçiləri və digər qonaqlar iştirak etdilər.


Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin, eləcə də Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.


Tədbirdə çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsinin sədri Fəxrəddin Eyvazov 8 Noyabr – Zəfər Gününün Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən danışdı. O, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlığı, xalqımızın birliyini və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbənin əhəmiyyətini vurğuladı.


Fəxrəddin Eyvazov bildirdi ki, bu Zəfər şəhidlərimizin canı, qazilərimizin sağlamlığı və qəhrəmanlığı hesabına əldə olunub. Şəhid ailələrinə diqqət və qayğı göstərmək, qazilərimizin yanında olmaq, onların qayğıları ilə maraqlanmaq hər birimizin mənəvi borcudur. Onların fədakarlığı və Vətən qarşısındakı xidmətləri daim ehtiramla yad edilməlidir.


Tədbirin bədii hissəsində Vətənə və Zəfərə həsr olunmuş musiqi nömrəsi səsləndirildi, milli rəqs nümunəsi təqdim olundu. İfa olunan musiqi və rəqs tədbirə xüsusi ovqat qatdı.


Tədbir çərçivəsində şəhid ailələrinin üzvləri və qazilərlə səmimi söhbət aparıldı, onlara göstərilən diqqət və ehtiramın əhəmiyyəti bir daha ifadə olundu.


Belə tədbirlərin keçirilməsi şəhidlərimizin əziz xatirəsinin yaşadılması, qazilərimizə və şəhid ailələrinə diqqətin davam etdirilməsi, eləcə də Zəfər tariximizin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.


Zəfərimiz əbədi, şəhidlərimizin xatirəsi daim uca olsun!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: