Xəbərlər
ADPU-da “Ana dili: Kimlik və gələcək” mövzusunda Respublika konfransı keçirilib

Mayın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Ana dili: Kimlik və gələcək” mövzusunda gənclərin iştirakı ilə respublika konfransı keçirilib.
Konfransda dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, elm və təhsil ictimaiyyətinin tanınmış nümayəndələri, alimlər, tədqiqatçılar, müəllimlər, tələbələ-gənclər iştirak ediblər.
Rəsmi açılış mərasimindən sonra konfrans öz işini “Azərbaycan dili və milli kimliyin formalaşması: gələcək perspektivlər” və “Rəqəmsal transformasiya dövründə Azərbaycan dili” adlı panellərdə davam etdirib. Panel müzakirələrdə Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, milli kimliyin formalaşmasında rolu, dil siyasəti, terminologiya, dil mədəniyyəti və rəqəmsal transformasiya şəraitində Azərbaycan dilinin perspektivləri kimi mövzular ətrafında geniş müzakirələr aparılıb. Səsləndirilən fikirlərdə ana dilinin qorunmasının təkcə filoloji məsələ olmadığı, eyni zamanda milli təhlükəsizlik, dövlətçilik, mədəni irs və gələcək inkişaf məsələsi olduğu xüsusi vurğulanıb. İştirakçılar Azərbaycan dilinin müasir çağırışlar şəraitində inkişaf etdirilməsi, elmi və texnoloji imkanlarının genişləndirilməsi, gənc nəslin ana dilinə bağlılığının daha da gücləndirilməsi istiqamətində birgə fəaliyyətin vacibliyini qeyd ediblər.





