Xəbərlər
ADPU-nun Şəki filialında görkəmli dosentin 80 illik yubileyi qeyd olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında ömrünü elmə və təhsilə həsr etmiş, zəngin pedaqoji təcrübəyə malik dosent Bədiyev Sədrəddin Rəhim oğlunun 80 illik yubileyi münasibəti ilə xüsusi tədbir təşkil olunub.
Tədbirdə ADPU Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri iştirak edərək yubilyarı səmimi qəlbdən təbrik edib, ona universitet rəhbərliyinin və həmkarların xoş arzularını çatdırıblar. Çıxışlarda dosentin pedaqoji fəaliyyəti, elmi xidmətləri və gənc nəslin yetişdirilməsindəki rolu xüsusi vurğulanıb.
Qeyd olunub ki, yubilyarın elmi-pedaqoji fəaliyyəti filialın həyatında mühüm iz qoymuş, onun zəhməti hər zaman yüksək qiymətləndirilmişdir.
Yubiley münasibəti ilə Sədrəddin müəllimə universitet rəhbərliyi adından, həmçinin həmkarlar ittifaqı tərəfindən Fəxri fərman təqdim olundu.
Sonda hörmətli pedaqoq Bədiyev Sədrəddin Rəhim oğluna möhkəm can sağlığı, uzun ömür və elmi-pedaqoji fəaliyyətində yeni uğurlar arzulanıb.





