Xəbərlər
AƏSMA-da “Müasir texnologiyalar: Qlobal trendlər, zəncirlər, 4.0 Sənaye texnologiyaları və Süni İntellekt” mövzusunda Elmi Seminar keçirilib

30.01.2026-cı il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası “İqtisadiyyat və idarəetmə” kafedrası, “İqtisadi araşdırmalar və İnnovasiya Mərkəzi” və “Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutu PHŞ” birgə iştirakı ilə “Müasir texnologiyalar: Qlobal trendlər, zəncirlər, 4.0 Sənaye texnologiyaları və Süni İntellekt” mövzusunda Elmi Seminar keçirilmişdir.
Seminarı giriş sözü ilə i.e.d., professor Vilayət İsmayılov açaraq qeyd etmişdir ki, 06.01.2021-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Dördüncü Sənaye İnqilabının Təhlil və Koordinasiya Mərkəzi (4SİM) yeni reallıqlar şəraitində ölkəmizin mövqeyini gücləndirmək, innovativ və qabaqcıl texnoloji imkanlardan maksimum yararlanmaq, bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək və koordinasiya həyata keçirmək məqsədinə xidmət edir. Bu baxımdan keçirilən tədbir həm aktuallığı, həm də faydalılığı ilə xüsusi əhəmiyyət kəsb edir.
Sonra çıxış üçün söz Mərkəzin rəhbəri dos. Ş.O. Səfərova verilmişdir. O, “İnnovasiya şəraitində sənaye sferası strukturunun yenidən qurulması və strateji inkişafı” mövzusunda maraqlı və geniş çıxış etmişdir.
Daha sonra “Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutu PHŞ”-nin əməkdaşı Kəminə Ağayeva “Su sektorunda rəqəmsal texnologiyalar: Modelləşdirmə, Süni İntellekt və iqtisadi səmərəlilik” mövzusunda təqdimatla çıxış etmişdir.
İştirakçıları maraqlandıran suallar debat şəklində cavablandırılmışdır.
Sonda prof. V.İsmayılov çıxış edən şəxslərə minnətdarlığını bildirmiş və gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.











