“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ağcabədi rayonu Xocavənd kənd 3 nömrəli ümumi orta ümumtəhsil məktəbində növbəti uğur

05/05/2026, 18:03
xeber1

Ağcabədi rayonu Xocavənd kənd 3 nömrəli ümumi orta ümumtəhsil məktəbinin IX sinif şagirdlərinin buraxılış imtahanında göstərdikləri yüksək nəticələr məktəbin təhsil sahəsində qazandığı uğurların bariz nümunəsidir. Şagirdlərin əldə etdikləri nəticələr məktəbdə tədris prosesinin düzgün təşkili, müəllimlərin peşəkarlığı və rəhbərliyin məqsədyönlü fəaliyyətinin bəhrəsi kimi dəyərləndirilir.

Məktəb rayon üzrə ümumi sıralamada əvvəlki 40-cı pillədən 10-cu pilləyə yüksələrək böyük nailiyyət əldə edib. Bu yüksəliş məktəbdə son illər ərzində həyata keçirilən məqsədyönlü islahatların, təhsil keyfiyyətinin artırılması istiqamətində görülən sistemli işlərin və kollektivin birgə əməyinin nəticəsidir.

Buraxılış imtahanında yüksək nəticə göstərən şagirdlər, eləcə də buraxılış fənlərini tədris edən müəllimlər məktəb rəhbərliyi tərəfindən sertifikat və təşəkkürnamələrlə təltif olunublar. Təltifetmə mərasimində çıxış edənlər vurğulayıblar ki, bu uğurun təməlində müəllimlərin əzmkarlığı, məsuliyyətli yanaşması, şagirdlərə göstərdikləri diqqət və yüksək pedaqoji peşəkarlıq dayanır.

Xüsusilə qeyd olunmalıdır ki, məktəbin gənc direktoru Kamalzadə Pünhanə müəllimənin rəhbərliyi dövründə məktəbdə mühüm yeniliklər həyata keçirilib. Onun direktor kimi fəaliyyət göstərdiyi 3 il ərzində tədris prosesinin səmərəli təşkili, müəllim-şagird münasibətlərinin sağlam müstəvidə qurulması, məktəbdaxili nizam-intizamın gücləndirilməsi və təhsil keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl işlər görülüb. Pünhanə müəllimə həm idarəçilik bacarığı, həm də kollektivlə səmərəli əməkdaşlığı ilə məktəbin uğurlarında mühüm rol oynayıb.

Məktəbin uğurları Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin də diqqət mərkəzində olub. Komitə tərəfindən məktəbin yüksək göstəriciləri münasibətilə dəfələrlə həmkarlar təşkilatının üzvləri ilə görüşlər keçirilib, əldə olunan nailiyyətlər yüksək qiymətləndirilib. Bu görüşlərdə məktəb kollektivinin əməyinə dəyər verilib, gələcəkdə daha böyük uğurlar əldə etmək üçün müəllimlərə motivasiya və dəstək göstərilib.

Əldə olunan bu nəticələr bir daha sübut edir ki, məqsədyönlü rəhbərlik, peşəkar müəllim kollektivi və əzmkar şagirdlər olduqda yüksək nailiyyətlər qaçılmazdır. Ağcabədi rayonu Xocavənd kənd 3 nömrəli ümumi orta ümumtəhsil məktəbinin bundan sonra da daha böyük uğurlara imza atacağına inam böyükdür.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: