Xəbərlər
Ağcabədidə 18 İyun – İnsan Hüquqları Günü münasibətilə "İnsan hüquqlarının qorunması: müasir çağırışlar və əməkdaşlıq" mövzusunda tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca insan hüquqlarının təşviqi və müdafiəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbir Ağcabədi Regional "ASAN xidmət" Mərkəzi, Qərbi Azərbaycan İcmasının Ağcabədi rayonu üzrə nümayəndəliyi və Elm vəTəhsil İşçiləri Həmkarlar İttifaqının Ağcabədi Rayon Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirdə təhsil sahəsində çalışan şəxslər, gənclər, valideynlər, ictimai fəallar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir Qərbi Azərbaycan İcmasının Ağcabədi rayonu üzrə nümayəndəsi Radə Qafarovanın moderatorluğu ilə panel müzakirə formatında davam edib.Moderator çıxışında insan hüquqlarının qorunmasının cəmiyyətin davamlı inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq, bu sahədə dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın vacibliyinə diqqət çəkib.
Panel müzakirəsində Ağcabədi Regional "ASAN xidmət" mərkəzinin Vətəndaşların hüquqlarının təminatı sektorunun müdiri Rafiz İbrahimov, Ağcabədi rayon prokurorunun köməkçisi, 2-ci dərəcəli hüquqşünas Namiq Süleymanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Ləman Səfərəliyeva, Ağcabədi Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin xidmət üzrə baş inspektoru, polis mayoru Taleh Abbasov çıxış ediblər.
Çıxışlarda insan və vətəndaş hüquqlarının təmin edilməsində dövlət xidmətlərinin əlçatanlığının əhəmiyyəti, qadın və uşaq hüquqlarının müdafiəsi, hüquqi maarifləndirmə tədbirlərinin rolu, ictimai təhlükəsizliyin təmin olunmasında insan hüquqlarına həssas yanaşma məsələlərinə toxunulub.
Panel müzakirəsi zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, insan hüquqları sahəsində hüquqi maarifləndirmənin artırılması, həssas əhali qruplarının müdafiəsi və insan hüquqlarının cəmiyyətin bütün sahələrində təşviqi ilə bağlı təkliflər səsləndirilib.
Tədbirin sonunda insan hüquqlarının qorunmasının yalnız aidiyyəti qurumların deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyəti olduğu vurğulanıb, bu istiqamətdə birgə fəaliyyətin və maarifləndirmə tədbirlərinin davamlı həyata keçirilməsinin vacibliyi qeyd edilib.















