Xəbərlər
Ağcabədidə sülh və həmrəylik mövzusunda dəyirmi masa keçirilib

Ağcabədi regional “ASAN xidmət” mərkəzində Qərbi Azərbaycan İcmasının Ağcabədi rayonu üzrə nümayəndəliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Ağcabədi Rayon Komitəsinin təşkilatçılığı ilə sülh və həmrəylik mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Azərbaycanda formalaşan sülh şəraiti, dayanıqlı sülhün əhəmiyyəti, cəmiyyətdə qarşılıqlı hörmət və tolerantlıq mühitinin gücləndirilməsi, eləcə də sülh mədəniyyətinin təşviqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı 21 Sentyabr – Beynəlxalq Sülh Gününün əhəmiyyətindən də bəhs olunub. Ağcabədi Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin Həmkarlar Təşkilatının sədri Afət Zeynalova çıxışında qeyd edib ki, sülh yalnız xalqlar və dövlətlər arasında deyil, eyni zamanda ailələrdə, məktəblərdə və cəmiyyətin bütün təbəqələrində zorakılığın qarşısının alınması və qarşılıqlı hörmətin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
O bildirib ki, 21 Sentyabr bütün dünyada sülh dəyərlərinin təbliği və zorakılığa qarşı mübarizənin gücləndirilməsi baxımından mühüm tarixdir.
Dəyirmi masada Qərbi azərbaycanlıların öz tarixi yaşayış yerlərinə sülh yolu ilə, təhlükəsiz və ləyaqətli qayıdışı məsələsi də müzakirə olunub.
Çıxışlarda qarşılıqlı hörmət, dialoq və həmrəyliyə əsaslanan yanaşmanın dayanıqlı sülhün və gələcəyə inamın möhkəmləndirilməsində mühüm rol oynadığı vurğulanıb.






