Xəbərlər
Ağdam təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

Bu gün Ağdam rayonunda təhsil işçilərinin ənənəvi sentyabr konfransının ilk günü keçirilib.
Konfrans başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin, o cümlədən şəhid müəllimlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfrans çərçivəsində ötən tədris ilinin nəticələri təhlil olunub, yeni tədris ili üçün qarşıda duran əsas hədəflər və prioritet istiqamətlər müəyyənləşdirilib. Çıxışlarda təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, şagirdlərin fərdi ehtiyaclarının nəzərə alınması və məktəb–valideyn əməkdaşlığının daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.
Həmçinin hər bir məktəbin qarşılaşdığı problemlərin ayrıca təhlil olunmasının, mövcud vəziyyətə uyğun konkret və səmərəli həll yollarının müəyyənləşdirilməsinin əhəmiyyəti qeyd edilib.
Qeyd edək ki, konfrans iki gün davam edəcək. İkinci gün ayrı-ayrı fənlər üzrə panel müzakirələrinin keçirilməsi nəzərdə tutulur.






