Xəbərlər
Ağdamda 8-ci sinif şagirdi mükafatlandırıldı.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin təşkilatçılığı ilə Ağdam rayonunun ümumtəhsil məktəbləri arasında keçirilən İnşa Müsabiqəsi baş tutdu.
Müsabiqənin nəticələrinə əsasən, Ağdam rayonu Gül Baharlı kənd ümumi orta məktəbinin 8-ci sinif şagirdi Vəlizadə Nuray bütün mərhələlərdə üstün nəticə göstərərək 1-ci yerə layiq görüldü.Təbrik mərasimində Ağdam Rayon Təhsil sektorunun müdiri Tahir Abbasov və sektorun məsləhətçisi Elçin Cəfərli də iştirak edərək Nuray xanımı səmimi qəlbdən təbrik etmiş, ona gələcək təhsil həyatında daha böyük uğurlar qazanmağı arzu etmişlər.
Qalib şagirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsi tərəfindən diplom və hədiyyə təqdim olunmuş, onun bu uğuru təntənəli şəkildə qeyd edilmişdir.
Biz də Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsi olaraq, şagirdimizin bu uğurunu qürurla qeyd edir, onun kimi istedadlı gənclərimizin yetişməsində əməyi olan bütün müəllimlərə təşəkkürümüzü bildiririk.





