Xəbərlər
Ağdamda akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub

08 sentyabr 2026-cı il tarixində Ağdam Muğam Mərkəzində əməkdar elm xadimi, akademik Adilə Namazovanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon rəhbərliyi, Milli Məclisin deputatları, elm və səhiyyə nümayəndələri, yubilyarın ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Adilə Namazovanın həyat və elmi fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib, çıxışlarda onun Azərbaycan tibb elminin, xüsusilə pediatriya sahəsinin inkişafındakı xidmətlərindən, elmi-pedaqoji fəaliyyətindən və zəngin irsindən bəhs olunub.
Adilə Namazova xüsusilə pediatriya sahəsinin inkişafına mühüm töhfələr verib və uzun illər elmi-pedaqoji fəaliyyət göstərib. Alimin araşdırmaları və elmi əsərləri uşaq xəstəliklərinin öyrənilməsi və müalicəsi istiqamətində mühüm əhəmiyyət daşıyıb. O, həmçinin yüksəkixtisaslı həkim və alimlərin hazırlanmasında böyük xidmətlər göstərib. Adilə Namazovanın zəngin elmi irsi Azərbaycan tibb elminin inkişafında xüsusi yer tutur.
Tədbirin sonunda Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə əməkdar artistlərin ifasında musiqi proqramı təqdim olunub.








