Xəbərlər
Ağdamda Bilik Günü münasibətilə tədbir keçirilib

Yeni dərs ilinin başlanması münasibətilə Ağdam rayonu C. Vəlibəyov adına Birinci Baharlı kənd tam orta məktəbində Bilik Günü münasibətilə tədbir keçirilib. Tədbir məktəbin həyətində müəllim və şagirdlərin, valideynlərin, kənd sakinlərinin və qonaqların iştirakı ilə yüksək əhval-ruhiyyədə baş tutub.
Tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti Başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Xəqani Nəzərov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin sədri Tamerlan Hüseynov, Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Xındırıstan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vaqif Kazımov, məktəbin müəllim kollektivi, şagirdlər, valideynlər və kənd sakinləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən qonaqlar və məktəb rəhbərliyi yeni dərs ilinin başlanması münasibətilə müəllim və şagirdləri təbrik edib, onlara təhsildə uğurlar arzulayıblar.
Çıxışlarda qeyd olunub ki, təhsil hər bir ölkənin gələcəyini müəyyən edən əsas amillərdən biridir. Gənc nəslin savadlı, vətənpərvər və yüksək mənəvi dəyərlərə malik şəxsiyyət kimi yetişdirilməsi qarşıda duran mühüm vəzifələrdəndir. Məktəb isə bu istiqamətdə ən mühüm ocaqlardan biri kimi xüsusi əhəmiyyət daşıyır.
Xüsusilə məktəbə ilk dəfə qədəm qoyan birinci sinif şagirdlərinin həyəcanı və sevinci tədbirə xüsusi rəng qatıb. Balaca məktəblilərə dərslərində müvəffəqiyyət, bol bilik, yüksək nəticələr və xoşbəxt gələcək arzulanıb. Onların məktəb həyatında atdıqları ilk addımların uğurlu olması üçün xoş diləklər səsləndirilib.
Müəllimlərə isə şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar, səbir və yeni nailiyyətlər arzu olunub. Bildirilib ki, müəllim əməyinin nəticəsi gələcəyin savadlı və layiqli vətəndaşlarının yetişdirilməsində öz əksini tapır.
Tədbir zamanı şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalar, şeirlər və musiqi nömrələri nümayiş etdirilib. Şagirdlərin çıxışları tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Bilik Günü münasibətilə bütün şagirdlərimizi, müəllimlərimizi və valideynlərimizi ürəkdən təbrik edir, yeni tədris ilində hər kəsə möhkəm can sağlığı, yüksək nailiyyətlər və bol uğurlar arzulayırıq!







