Xəbərlər
Ağdamda Kollektiv müqavilələrin imzalanma prosesi tam yekunlaşdı.

Ağdam rayonunda fəaliyyət göstərən təhsil müəssisələrində kollektiv müqavilələrin imzalanma prosesi uğurla yekunlaşmışdır. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, bütün məktəbəqədər və ümumtəhsil müəssisələrində məktəb direktorları ilə ilk həmkarlar ittifaqı sədrləri arasında kollektiv müqavilələr imzalanmışdır.
İmzalanma prosesi zamanı kollektiv müqavilələrin əsas məqsədi, əhatə dairəsi və hüquqi əhəmiyyəti barədə geniş müzakirələr aparılmış, sənədlərin əmək münasibətlərinin tənzimlənməsində mühüm rol oynadığı bir daha vurğulanmışdır. Xüsusilə əmək hüquqlarının qorunması, sosial təminatların gücləndirilməsi, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, eləcə də işçi heyətinin sosial rifahının yüksəldilməsi məsələləri diqqət mərkəzində olmuşdur.
Eyni zamanda, ilk təşkilat həmkarlar ittifaqı sədrlərinə vəzifə və öhdəlikləri barədə ətraflı məlumatlar verilmiş, onların kollektiv üzvlərinin maraqlarının müdafiəsində daha fəal və prinsipial mövqe tutmalarının vacibliyi qeyd edilmişdir. Həmkar sədrlərinə kollektiv müqavilələrin icrasına nəzarət, üzvlərlə mütəmadi əlaqə saxlanılması və yaranan problemlərin operativ şəkildə müvafiq qurumlara çatdırılması istiqamətində tövsiyələr verilmişdir.
Qeyd edək ki, kollektiv müqavilələrin imzalanması əməkdaşlar arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, sosial tərəfdaşlığın inkişafına və təhsil müəssisələrində sağlam əmək münasibətlərinin formalaşmasına mühüm töhfə verir.









