Xəbərlər
Ağgöl Milli Parkı.

Ağcabədi şəhər Səməd Vurğun adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin həmkarlar təşkilatının sədri Əmirova Afərimin təşkilatçılığı ilə həftə sonu məktəb kollektivi üçün maraqlı və yaddaqalan ekskursiya təşkil olundu. Kollektivin istirahətinin səmərəli təşkili və əməkdaşlar arasında mehriban münasibətlərin daha da möhkəmləndirilməsi məqsədilə keçirilən bu gəzinti Ağgöl Milli Parkı ərazisində baş tutdu.
Səfər iştirakçıları təbiətin qoynunda xoş vaxt keçirərək gündəlik iş rejimindən bir qədər uzaqlaşmaq, eyni zamanda Azərbaycanın nadir təbiət incilərindən biri olan Ağgöl Milli Parkının zəngin flora və faunası ilə yaxından tanış olmaq imkanı əldə etdilər. Parkın geniş su hövzələri, müxtəlif növ quşları və unikal ekosistemi kollektiv üzvlərində böyük maraq və heyranlıq doğurdu.
Belə tədbirlərin təşkili kollektivin motivasiyasının artırılmasına, sağlam və müsbət iş mühitinin formalaşmasına mühüm töhfə verir. Ekskursiya iştirakçıları bu təşəbbüsə görə təşkilatçılara minnətdarlıqlarını bildirərək, gələcəkdə də bu kimi tədbirlərin davamlı olmasını arzuladıqlarını qeyd etdilər.














