Xəbərlər
AHİK+ platforması Suraxanı rayonunun təhsil işçilərinə təqdim olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Suraxanı Rayon Komitəsinin təşkilatçılığı ilə 16 noyabr tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının AHİK+ platformasının rayonun İlk Həmkarlar İttifaqı Təşkilatlarının sədrləri və təhsil işçiləri üçün təqdimat mərasimi keçirilib.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sektor müdiri Əli Rzayev, ETİHİ-nin hüquq şöbəsinin əməkdaşı Aysel Həsənova, ETİHİ Suraxanı Rayon Komitəsinin sədri Rəfael Hüseynov, komitənin əməkdaşları Səkinə Seyidova və Elşad Çobanlı iştirak edib.
Tədbirdə AHİK+ platformasının yaradılmasının məqsədi, fəaliyyət istiqamətləri, əhatə dairəsi, həmkarlar ittifaqı üzvlərinə təqdim etdiyi güzəştlər, imtiyazlar və digər üstünlüklər barədə ətraflı məlumat verilib. Platformanın üzvlərin sosial rifahının yüksəldilməsinə, müxtəlif xidmətlərdən daha əlverişli şərtlərlə yararlanmasına və sosial dəstək imkanlarının genişləndirilməsinə xidmət etdiyi vurğulanıb.
Təqdimat zamanı platformadan istifadə qaydaları, qeydiyyat prosesi və mövcud imkanlardan yararlanma mexanizmləri iştirakçılara əyani şəkildə izah edilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, platformanın imkanları ətrafında fikir mübadiləsi aparılıb.











