Xəbərlər
“AHİK Plus” loyallıq proqramının təşviqi istiqamətində görüşlər keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Nizami Rayon Komitəsi tərəfindən həmkarlar ittifaqı üzvlərinin rəqəmsal yeniliklər, sosial imkanlar və güzəştli xidmətlər barədə məlumatlandırılması istiqamətində maarifləndirici tədbirlər davam etdirilir.
Bu çərçivədə 229, 109, 251 nömrəli ümumtəhsil və 3 nömrəli xüsusi ümumtəhsil məktəblərində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşəbbüsü ilə yaradılmış “AHİK Plus” rəqəmsal platformasının təqdimatına həsr olunmuş maarifləndirici görüşlər təşkil olunub.
Görüşlərdə ETİHİ Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov, ETİHİ Respublika Komitəsinin mütəxəssisləri Afaq Ramaldanova və Sevinc Ələkbərova, Nizami Rayon Komitəsinin aparıcı mütəxəssisi Namiq Gəncəyev və mütəxəssis Kəmalə Möhbalıyeva iştirak ediblər.
Tədbirlər zamanı iştirakçılara “AHİK Plus” platformasının funksional imkanları, istifadə qaydaları və həmkarlar ittifaqı üzvləri üçün yaratdığı üstünlüklər barədə ətraflı məlumat verilib. Videoçarx vasitəsilə tətbiqin texniki imkanları nümayiş etdirilib, qeydiyyat prosesi, şəxsi kabinetin yaradılması və QR kod vasitəsilə xidmətlərdən yararlanma qaydaları əyani şəkildə izah olunub.
Təqdimatların əsas istiqamətlərindən biri də “AHİK Plus” loyallıq proqramının həmkarlar ittifaqı üzvləri arasında daha geniş və fəal istifadəsinin təşviqi olub. Bildirilib ki, platforma vasitəsilə üzvlər sosial tərəfdaş müəssisələrin təqdim etdiyi xüsusi endirimlərdən və güzəştli xidmətlərdən yararlana, gündəlik alış-veriş və müxtəlif xidmətlər zamanı əlavə üstünlüklər əldə edə bilərlər.
Eyni zamanda, tətbiqin təhlükəsiz istifadəsi, şəxsi məlumatların qorunması və istifadə zamanı yarana biləcək texniki məsələlərlə bağlı iştirakçıların sualları cavablandırılıb.
Qeyd olunub ki, “AHİK Plus” layihəsi həmkarlar ittifaqı üzvlərinin sosial rifahının yüksəldilməsi, onların sosial imkanlarının genişləndirilməsi və ittifaqın təqdim etdiyi xidmətlərə əlçatanlığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
ETİHİ Nizami Rayon Komitəsi üzvlərin rəqəmsal platformanın imkanlarından məlumatlı və səmərəli istifadə etməsi, eləcə də loyallıq proqramının gündəlik həyatda daha fəal tətbiqi məqsədilə maarifləndirmə tədbirlərini davam etdirəcək.












