Xəbərlər
“AHİK Plus” – üzvlər üçün yeni imkanlar

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Nizami Rayon Komitəsi tərəfindən həmkarlar ittifaqı üzvlərinin rəqəmsal yeniliklər və sosial imkanlar barədə məlumatlandırılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə 272 nömrəli tam orta məktəbdə “AHİK Plus” rəqəmsal platformasının təqdimatına həsr olunmuş növbəti maarifləndirici görüş təşkil olunub.
Görüşdə ETİHİ Respublika Komitəsinin mütəxəssisləri Afaq Ramaldanova və Sevinc Ələkbərova, həmçinin ETİHİ Nizami Rayon Komitəsinin aparıcı mütəxəssisi Namiq Gəncəyev iştirak ediblər.
İştirakçılara videoçarx vasitəsilə tətbiqin texniki imkanları nümayiş etdirilib, platformadan düzgün və rahat istifadə qaydaları əyani şəkildə izah olunub.
Müzakirələr zamanı həmkarlar ittifaqı üzvlərinin platformada qeydiyyatdan keçməsi, şəxsi kabinetin yaradılması, QR kod vasitəsilə xidmətlərdən yararlanması və sosial tərəfdaş müəssisələrin təqdim etdiyi xüsusi endirimlərdən istifadə imkanları diqqətə çatdırılıb. Eyni zamanda, şəxsi məlumatların qorunması, tətbiqin təhlükəsiz istifadəsi və yarana biləcək texniki çətinliklərin aradan qaldırılması ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bildirilib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüsü ilə reallaşdırılan “AHİK Plus” layihəsi ittifaq üzvlərinin sosial müdafiəsinin və rifahının gücləndirilməsinə xidmət edir. Platforma üzvlərə müxtəlif xidmətlərdən güzəştli şərtlərlə yararlanmaq, alış-veriş və gündəlik ehtiyacları ilə bağlı əlavə üstünlüklər əldə etmək imkanı yaradır.
ETİHİ Nizami Rayon Komitəsi həmkarlar ittifaqı üzvlərinin maarifləndirilməsi, onların mövcud sosial imkanlardan daha səmərəli istifadəsinin təmin edilməsi məqsədilə bu istiqamətdə fəaliyyətini davam etdirir.








