Xəbərlər
AKADEMİK ZƏRİFƏ ƏLİYEVA ADINA LİSEYİN İTTİFAQ ÜZVLƏRİNİN ŞUŞA VƏ XANKƏNDİNƏ UNUDULMAZ SƏFƏRİ

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə Akademik Zərifə Əliyeva adına Liseyin ittifaq üzvləri işğaldan azad edilmiş Şuşa və Xankəndi şəhərlərinə unudulmaz bir səfər ediblər. Tarixi əhəmiyyət daşıyan bu səfər həm mənəvi dəyəri, həm də doğma torpaqlara qovuşma hissi ilə kollektiv üçün xüsusi önəm daşıyıb.
İttifaq üzvləri Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşanın yenidən dirçələn ruhu, qədim tarixi abidələri və Qarabağın füsunkar mənzərələri ilə yaxından tanış olublar. Xankəndinin müasir inkişafı, şəhərdə aparılan quruculuq işləri və bölgənin yenidən canlanması ittifaq üzvlərində qürur və sevinc hissləri oyadıb.
Səfər boyunca onlar müxtəlif tarixi məkanları ziyarət edib, Vətənimizin keçdiyi şərəfli yolu bir daha xatırlayıblar. Qarabağ torpağının hər qarışında hiss olunan zəfər ruhu, doğma diyara qayıdış sevinci və ordumuzun qazandırdığı müzəffərliyin izləri kollektiv üçün bu səfəri daha da dəyərli edib.
Akademik Zərifə Əliyeva adına Liseyin ittifaq üzvləri onlara yaradılan bu imkana görə ETİHİ Yasamal Rayon Komitəsinə dərin təşəkkürlərini ifadə ediblər. Yüksək təşkilatçılıq, peşəkar yanaşma və göstərilən səmimi diqqət sayəsində bu səfər həm mənəvi, həm də tarixi baxımdan yaddaqalan bir gün kimi yadda qalıb.








