Xəbərlər
Ali məktəb tələbələrinin bədii yaradıcılıq müsabiqə-festivalı çərçivəsində ADA və Qərbi Kaspi Universitetlərində seçim turları keçirilib

Elm və Təhsil Nazirliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan ali məktəb tələbələrinin bədii yaradıcılıq müsabiqə-festivalının II mərhələsi çərçivəsində növbəti seçim turları “ADA” Universiteti və Qərbi Kaspi Universitetində keçirilib.
Seçim mərhələsində iştirak edən tələbələr musiqi ifaçılığı, vokal sənəti, instrumental ifa, bədii qiraət, rəqs, səhnə kompozisiyası və digər yaradıcı istiqamətlər üzrə bacarıqlarını nümayiş etdiriblər.
“ADA” Universitetindən 19, Qərbi Kaspi Universitetindən isə 33 tələbə müxtəlif nominasiyalar üzrə çıxış edərək öz yaradıcılıq imkanlarını təqdim edib. Tələbələrin çıxışları maraqla qarşılanıb və münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Qeyd edək ki, müsabiqə-festivalın seçim mərhələləri ölkənin müxtəlif ali təhsil müəssisələrində davam etdirilib. Yekun nəticələrə əsasən fərqlənən iştirakçılar Heydər Əliyev Sarayında keçiriləcək final mərhələsində çıxış etmək hüququ qazanıblar, qaliblər isə müvafiq mükafatlarla təltif olunacaqlar.










