Xəbərlər
Allah rəhmət eləsin

Elm və təhsil işçiləri həmkarlar ittifaqı olaraq dərin hüznlə bildiririk ki, uzun illər təhsil sahəsində səmərəli fəaliyyət göstərmiş, öz peşəsinə sədaqəti və yüksək insani keyfiyyətləri ilə seçilən dəyərli pedaqoq İsmayılova Məkan Kamal qızı 17 mart 2026-cı il tarixində vəfat etmişdir.
İsmayılova Məkan Kamal qızı 1958-ci il martın 3-də Göyçay rayonunun Ulaşlı Şıxlı kəndində anadan olmuş, ömrünün böyük hissəsini doğma kəndində keçirərək xalqımıza layiqli övladlar yetişdirməyə həsr etmişdir. 1965-ci ildə Potu kənd tam orta məktəbinə daxil olmuş, daha sonra təhsilini Ulaşlı Şıxlı kənd məktəbində davam etdirmişdir.
1979–1984-cü illərdə Azərbaycan Pedaqoji İnstitutunun Coğrafiya fakültəsində ali təhsil almış, təhsilini başa vurduqdan sonra Elnur Seyidov adına Ulaşlı Şıxlı kənd tam orta ümumtəhsil məktəbində coğrafiya müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. O, 39 il ərzində pedaqoji sahədə böyük fədakarlıqla çalışmış, yüzlərlə şagirdin bilik və dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır.
Məkan müəllimə yalnız peşəkar pedaqoq kimi deyil, eyni zamanda kollektivdə nüfuz qazanan, həmkarlarının etimadını doğruldan bir şəxs kimi də seçilmişdir. O, uzun illər məktəbdə həmkarlar ittifaqı təşkilatının sədri kimi fəaliyyət göstərərək müəllimlərin sosial rifahının qorunmasına və kollektivdə sağlam iş mühitinin formalaşmasına öz töhfəsini vermişdir.
2023-cü ildə yaş həddi ilə əlaqədar əmək fəaliyyətini başa vuraraq təqaüdə çıxmışdır.
İsmayılova Məkan Kamal qızının əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin, məkanı cənnət olsun.



