Xəbərlər
“Ana dili: kimlik və gələcək” gənclərin iştirakı ilə respublika konfransı keçirilib
Mayın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Ana dili: kimlik və gələcək” mövzusunda gənclərin iştirakı ilə respublika konfransı keçirilib.
Konfrans Elm və Təhsil Nazirliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
“Ana dili: kimlik və gələcək” mövzusunda gənclərin iştirakı ilə keçirilən respublika konfransında çıxış edənlər Azərbaycan dilinin milli kimliyin, dövlətçiliyin və mənəvi dəyərlərin qorunmasında mühüm rol oynadığını vurğulayıblar.
AMEA prezidenti İsa Həbibbəyli Azərbaycan dilinin saflığının qorunmasında nitq mədəniyyətinin xüsusi rolunu vurğulayıb, bütün sahələrdə ədəbi dil normalarına riayət edilməsinin vacibliyini qeyd edib. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov isə qloballaşma, süni intellekt və rəqəmsal mühitin milli dillər qarşısında yeni çağırışlar yaratdığını bildirib, ana dilinin qorunmasının milli özünüdərk baxımından əhəmiyyətini diqqətə çatdırıb.
ADPU-nun rektoru Cəfər Cəfərov ana dilini sevən müəllimin vətənpərvər nəsil yetişdirdiyini vurğulayıb. Prorektor Mahirə Hüseynova isə Azərbaycan dilinin milli kimliyin formalaşmasındakı rolundan və gənc tədqiqatçıların bu sahədə fəaliyyətinin əhəmiyyətindən danışıb.
Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ana dilinin qorunması və inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətinin əhəmiyyəti xüsusi qeyd olunub. Panel sessiyalarında isə ana dilinin milli kimliyin formalaşmasındakı rolu, gələcək perspektivləri və rəqəmsal transformasiya dövründə Azərbaycan dilinin mövqeyi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, konfransın məqsədi dövlət dilinin qorunması və inkişaf etdirilməsi, gənclər arasında ana dilinə hörmət və bağlılığın gücləndirilməsi, Azərbaycan dilinin milli kimliyin və milli-mənəvi dəyərlərin formalaşmasındakı rolunun təşviqindən ibarətdir.



