Xəbərlər
Astara rayonunda Böyük Vətən müharibəsi veteranı İzzət Nehmətovla görüş keçirilib

9 May – Faşizm üzərində Qələbənin 81-ci ildönümü münasibətilə İkinci Dünya müharibəsi iştirakçısı, uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuş 100 yaşlı Nehmətov İzzət Məmmədsəfa oğlu ilə görüş keçirilmişdir.
Görüşdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin sədri, Astara rayon təhsil sektorunun müdiri və ümumtəhsil məktəblərinin rəhbərləri iştirak etmişlər.
Tədbir zamanı İzzət müəllimin keçdiyi şərəfli və nümunəvi ömür yolundan, İkinci Dünya müharibəsində göstərdiyi igidlikdən, eləcə də uzun illər ərzində təhsil sahəsində gənc nəslin maariflənməsi və vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində gördüyü işlərdən bəhs olunmuşdur. Çıxış edənlər onun həyat yolunun bugünkü gənclər üçün örnək olduğunu xüsusi vurğulamışlar.
Qeyd olunmuşdur ki, xalqımız müharibə veteranlarının göstərdiyi qəhrəmanlığı daim yüksək qiymətləndirir, onların əziz xatirəsini və xidmətlərini böyük ehtiram hissi ilə yad edir.
Sonda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən İzzət müəllimə qiymətli hədiyyə təqdim edilmiş, ona möhkəm cansağlığı, firavan həyat və uzun ömür arzulanmışdır.







