Xəbərlər
Astara rayonunda şəhid valideynləri üçün iftar süfrəsi təşkil olundu

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Astara rayonundan şəhid olmuş qəhrəman övladlarımızın valideynləri üçün iftar süfrəsi təşkil olunmuşdur.
Tədbirdə Lənkəran–Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, Astara rayonu üzrə təhsil sektorunun müdiri Xədicə Əliyeva və Astara təhsil sektorunun əməkdaşları iştirak etmişlər.
İftar süfrəsi zamanı çıxış edənlər müqəddəs Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin hər zaman qəlbimizdə yaşayacağını vurğulamış, onların valideynlərinə dərin hörmət və ehtiramlarını bildirmişlər. Qeyd olunmuşdur ki, şəhid ailələrinə diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur.
Səmimi və duyğulu mühitdə keçən görüşdə şəhid valideynləri ilə söhbətlər aparılmış, onlara göstərilən diqqətə görə minnətdarlıqlar ifadə edilmişdir. Tədbirin sonunda şəhidlərimizin ruhuna dualar oxunmuş, onların xatirəsi ehtiramla yad edilmişdir.










