Xəbərlər
Azərbaycan Dövlət Pedaqoji Kollecində “AHİK+” loyallıq proqramının təqdimatı keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Yasamal Rayon Komitəsinin fəaliyyət dairəsinə daxil olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “AHİK+” loyallıq proqramının təqdimatına həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Amalya Sezgin qonaqları və kollektivi salamlayaraq, rəhbərlik etdiyi təhsil müəssisəsi ilə həmkarlar ittifaqı arasında qurulan səmərəli əməkdaşlıqdan danışıb. O bildirib ki, təhsil işçilərinin sosial rifahının yüksəldilməsinə yönəlmiş bu cür innovativ və rəqəmsal təşəbbüslər kollektivin motivasiyasını daha da artırır. Amalya Sezgin “AHİK+” proqramının müəllim və əməkdaşlar üçün faydalı olacağına əminliyini ifadə edərək tədbirin işinə uğurlar arzulayıb.
Daha sonra çıxış edən ETİHİ Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli həmkarlar ittifaqının cəmiyyətdəki önəmli rolundan, təhsil işçilərinin əmək hüquqlarının etibarlı müdafiəsindən bəhs edib. Komitə sədri qeyd edib ki, üzvlərin qanuni mənafelərinin qorunması, onlar üçün sağlam və təhlükəsiz iş mühitinin yaradılması ilə yanaşı, sosial rifahlarının yaxşılaşdırılması da əsas prioritet istiqamətlərdəndir. O, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşəbbüsü ilə reallaşdırılan rəqəmsal yeniliklərin, xüsusilə “AHİK+” platformasının ittifaq üzvlərinə əlavə dəstək və gündəlik həyatda güzəştli imkanlar qazandırdığını diqqətə çatdırıb.
Daha sonra qonaq qismində iştirak edən ETİHİ Respublika Komitəsinin İnsan resursları şöbəsinin aparıcı mütəxəssisi Müslüm İsmayılov “AHİK+” loyallıq tətbiqi barədə geniş təqdimatla çıxış edib. O, layihənin mahiyyəti, məqsədləri və yaratdığı üstünlüklər barədə iştirakçılara ətraflı məlumat verib. Bildirilib ki, yalnız həmkarlar ittifaqı üzvləri üçün nəzərdə tutulan mobil tətbiqi yükləyərək şəxsi kabinet vasitəsilə qeydiyyatdan keçmək olduqca sadədir. İstifadəçilər sistem üzərindən müxtəlif xidmət sahələrini əhatə edən tərəfdaş müəssisələrin təqdim etdiyi xüsusi endirim kampaniyaları və bonuslarla tanış ola bilərlər. Güzəştlərdən yararlanmaq üçün isə proqramda formalaşan fərdi QR kodu müvafiq xidmət və ticarət məntəqələrində təqdim etmək kifayətdir. Qonaq həmçinin platformada fərdi məlumatların təhlükəsizliyinin tam qorunduğunu söyləyib.
Görüş çərçivəsində tətbiqin iş prinsipini və istifadə qaydalarını əyani şəkildə izah edən videoçarx nümayiş olunub.
Sonda auditoriyanı maraqlandıran suallar cavablandırılıb və proqramın gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.






