Xəbərlər
Azərbaycan Dövlət Pedaqoji Universitetində “Məzun Günü” tədbiri keçirilib

İyunun 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Məzun Günü” tədbiri keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Universitetin rektoru, professor Cəfər Cəfərov çıxış edərək məzunları təbrik edib, onların əldə etdikləri pedaqoji bilik və bacarıqların gələcəkdə ölkənin təhsil sisteminin inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi adından çıxış edən sədr müavini Mirzə Cəfərzadə tədbir iştirakçılarını təbrik edərək, komitə sədri Araz Paşayevin məzunlara və universitet rəhbərliyinə ünvanlanmış səmimi təbriklərini çatdırıb.
Mərasim çərçivəsində ADPU-nu fərqlənmə diplomu ilə bitirən məzunlara universitet rəhbərliyi tərəfindən fəxri fərmanlar təqdim olunub. Tədbir tələbələrin ifasında baş tutan bədii hissə ilə davam etdirilib. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı olaraq bütün məzunları səmimi-qəlbdən təbrik edir, onlara gələcək pedaqoji fəaliyyətlərində uğurlar arzulayırıq.








