Xəbərlər
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), Həmkarlar İttifaqı Komitəsi (HİK) və “Maliyyə və mühasibat" fakültəsinin birgə təşkilatçılığı ilə "Gələcəyini seç Narkomaniyaya yox de!" adlı maarifləndirici tədbir keçirilib.

Tədbirin açılışını "Maliyyə və mühasibat" fakültəsi THİK-in sədri Nərmin Mirzəyeva edərək, narkomaniyaya qarşı mübarizənin, gənclər arasında maarifləndirmənin və sağlam həyat tərzinin təşviqinin əhəmiyyətini vurğulayıb.
Tədbirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Natiq İsbatov, Bakı Narkoloji Mərkəzinin psixoloq-psixoterapevti Günay Babayeva və Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev çıxış ediblər.
Çıxışlar zamanı narkotik vasitələrin yaratdığı təhlükələr, onların fərdin sağlamlığına və cəmiyyətə mənfi təsirləri, narkomaniyanın qarşısının alınmasında maarifləndirmənin rolu və gənclərin bu istiqamətdə məlumatlılığının artırılması məsələlərinə toxunulub.
Tədbir tələbələrin mövzu ilə bağlı məlumatlandırılması, onların sağlam seçimlər etməyə təşviq olunması və narkomaniyaya qarşı mübarizədə ictimai məsuliyyətin gücləndirilməsi baxımından əhəmiyyət daşıyıb.
















