Xəbərlər
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) SABAH mərkəzinin “Mühasibatlıq” ixtisası üzrə 4-cü kurs tələbəsi,UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi idarə heyətinin fəal üzvü Ağazadə Çimnaz Ramiz qızı, dünyanın ən yaxşı 20 universitetindən biri hesab olunan Çin Xalq Respublikasının Pekin Universitetində (Peking University) keçirilən beynəlxalq “Yenching Global Symposium (YGS) 2026” proqramında ölkəmizi təmsil edib.

Cari ildə “Harnessing Momentum: The Power to Act in a Changing World” mövzusuna həsr olunan
simpozium dünyanın ən rəqabətli akademik platformalarından biri hesab olunur. Proqrama dünya üzrə
müraciət edən 6000-dən çox namizəd arasından xüsusi istedadı və akademik nailiyyətləri ilə seçilən gənc
liderlər dəvət alıb. Ağazadə Çimnaz Ramiz qızı bu mötəbər tədbirdə Azərbaycanı təmsil edən yeganə
nümayəndə olmaqla həm ölkəmizi, həm də təhsil aldığı UNEC-i beynəlxalq arenada uğurla tanıdıb.
Dörd gün davam edən simpozium çərçivəsində tələbəmiz qlobal maliyyə, iqtisadiyyatda şəffaflıq,
maliyyə texnologiyaları (Fintech) və dayanıqlı inkişaf mövzularında keçirilən panel müzakirələrdə aktiv
iştirak edib. O, dünyanın aparıcı professorları və sahə ekspertləri ilə fikir mübadiləsi apararaq, gələcəyin
iqtisadi modelləri üzrə vorkşoplarda iştirak edib.











