Xəbərlər
Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecində– Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş seminar keçirilib.

SMK HİK-in təşkilatçılığı ilə 7 oktyabrda Ümumdünya Layiqli Əmək Günü münasibətilə AMK-nın nəzdində Sumqayıt Musiqi Kollecində maarifləndirici seminar keçirilib. Seminarı Kollecin Tərbiyə işləri üzrə direktor müavini Aysel Şəfixanova açaraq tədbir iştirakçılarını salamlayaraq 7 Oktyabr Ümumdünya Layiqli Əmək Günü münasibətilə hər bir həmkara fəaliyyətlərində uğurlar arzulayıb. Qlobal miqyasda qeyd olunan Ümumdünya Layiqli Əmək Günü bizə bir daha xatırladır ki, iqtisadi inkişafın və tərəqqinin mərkəzində, inkişaf faktorlarının, insanın şərəfli, ləyaqətli yaşayışı və ədalətli əməyi dayanır. Daha sonra söz psixologiya və pedaqogika müəllimi Güllü Nəsirovaya verildi. Güllü müəllimə çıxışında bir neçə məsələyə toxunaraq bildirdi ki, Layiqli əmək dedikdə ilk növbədə insanın təhlükəsiz və sağlam əmək şəraitində çalışması, əməyinə görə ədalətli və vaxtında haqq alması, ayrı-seçkiliyə məruz qalmaması, əmək hüquqlarının qorunması və öz hüquqlarını müdafiə etmək imkanına malik olması nəzərdə tutulur. Bu baxımdan 7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü xüsusi əhəmiyyət daşıyır. Bugünkü müzakirəmizin əsas istiqamətlərindən biri məcburi əmək və onun müxtəlif formalarıdır. Məcburi əmək dedikdə şəxsin öz iradəsi və sərbəst seçimi olmadan, təhdid, təzyiq və ya digər məcburetmə vasitələri ilə işlədilməsi başa düşülür. Digər mühüm məsələ yetkinlik yaşına çatmayan şəxslərin gecə əməyinə cəlb edilməməsidir. Uşaqlar və yeniyetmələr fiziki və psixoloji inkişaf mərhələsində olduqları üçün onların əmək fəaliyyətinə cəlb olunması xüsusi qaydalarla tənzimlənir.Növbəti vacib məsələ əmək fəaliyyəti üçün minimum yaş həddi və uşaq əməyinin yolverilməzliyidir. Uşaq əməyinin qarşısının alınması müasir cəmiyyətin əsas sosial vəzifələrindən biridir. Uşaqların əməyindən onların yaşına və inkişaf səviyyəsinə uyğun olmayan formada istifadə edilməsi onların gələcək həyatına mənfi təsir göstərə bilər. Uşaq əməyinə qarşı mübarizə apararkən yalnız uşağın işlədilib-işlədilməməsinə baxmaq kifayət deyil. İşin xarakteri, iş saatları, əmək şəraiti, uşağın təhsilinə təsiri və sağlamlığı üçün yarada biləcəyi risklər də nəzərə alınmalıdır. Layiqli əmək sadəcə iş yeri ilə təmin olunmaq deyil. Bu — ədalətli əmək haqqı, təhlükəsiz iş şəraiti, sosial müdafiə və hər bir işçinin ləyaqətinə göstərilən hörmətdir. İş yerlərində əmək hüquqlarının qorunması, gender bərabərliyinin təmin olunması, qeyri-rəsmi məşğulluğun qarşısının alınması və sağlam iş mühitinin formalaşdırılması dayanıqlı gələcəyin əsas şərtləridir. Layiqli əmək yalnız iş yerinin və əmək haqqının olması demək deyil. Layiqli əmək həm də insanın hüquqlarının qorunması, təhlükəsiz şəraitdə çalışması, əməyinin ədalətli qiymətləndirilməsi və heç bir məcburiyyətə məruz qalmamasıdır. Eyni zamanda uşaqların müdafiəsi hamının ümumi məsuliyyətidir. Onların təhsil almaq, sağlam böyütmək, təhlükəsiz şəraitdə yaşamaq və gələcəyə hazırlanmaq hüquqları qorunmalıdır.
Gəlin əmək hüquqlarının müdafiəsi, məcburi əməyin qarşısının alınması, uşaq əməyinə yol verilməməsi və layiqli əmək prinsiplərinin cəmiyyətdə daha geniş şəkildə təbliği istiqamətində birgə fəaliyyətimizi davam etdirək.
Seminarda əməkdaşlar üçün layiqli əmək şəraitinin yaraldılması istiqamətində görülən işlər barədə diskusiya aparılıb və sonda iştirakçıların sualları cavblandırılıb.






