Xəbərlər
Azərbaycan Rəssamlıq Akademiyasında "Məzun Günü – 2026" keçirilib
Azərbaycan Rəssamlıq Akademiyasında "Məzun Günü – 2026" tədbiri keçirilib. Məzunlar, müəllimlər, valideynlər və qonaqların iştirak etdiyi tədbirdə uzun illərin zəhməti, yaradıcılıq axtarışları və əldə olunan nailiyyətlər qeyd olunub.
Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərov iştirak edib.
Mərasim çərçivəsində buraxılış yaradıcılıq işləri 100 balla qiymətləndirilən, həmçinin dörd il ərzində ixtisas üzrə ən yüksək akademik göstəricilər əldə edən 42 məzuna "Fəxri məzun" sertifikatları təqdim olunub. Sertifikatlar Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev və tanınmış sənətkarlar tərəfindən məzunlara təqdim edilib.
Universitetin ictimai həyatında fəal iştirakına görə isə 5 məzun Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı tərəfindən mükafatlandırılıb.
Tədbirdə Akademiyanın məzunlarından olan Əməkdar rəssam Faiq Əhməd çıxış edərək tələbəlik illərinə dair xatirələrini bölüşüb, gənc məzunları təbrik edib və onlara gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb.
Mərasim musiqi proqramı və bədii çıxışlarla davam edib, məzunlara unudulmaz anlar yaşadıb.



