Xəbərlər
Azərbaycan xalqının birliyinin, təntənəsi

ETİHİ Ağstafa Rayon Komitəsi olaraq
Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş geniş tərkibli tədbirdə iştirak etdik.
Tədbirdə Ağstafa rayon ictimaiyyətinin nümayəndələri, Yeni Azərbaycan Partiyasının fəalları, müxtəlif idarə və təşkilatların təmsilçiləri iştirak edirlər.
Tədbir iştirakçıları ilk olaraq Ağstafa şəhərində yerləşən Memorial Kompleksi ziyarət etdilər. Ziyarət zamanı Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, abidə önünə gül dəstələri düzülüb. Şəhidlərimizin qəhrəmanlıq yolu, Vətənə bağlılığı və xalqımızın yaddaşında əbədi yaşayacaq müqəddəs xatirələri bir daha ehtiramla anıldı.
Daha sonra tədbir Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının inzibati binasında davam etdirildi.
Tədbirdə çıxış edənlər 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının tarixində müstəsna əhəmiyyətə malik olduğunu vurğuladılar. Qeyd olundu ki, bu tarixi Qələbə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi sayəsində əldə edilib.
Bildirildi ki, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Azərbaycanın hərbi-siyasi gücünü bütün dünyaya nümayiş etdirməklə yanaşı, xalqımızın milli qürurunu, dövlətçilik iradəsini və tarixi ədalətə olan inamını daha da möhkəmləndirib. Bu Qələbə uzun illər işğal altında qalan torpaqlarımızın azad edilməsini təmin etməklə xalqımızın yaddaşına əbədi həkk olunub.
Çıxışlarda xüsusi olaraq vurğulandı ki, Zəfər tariximizin ən böyük qəhrəmanları şəhidlərimizdir. Onların Vətən uğrunda göstərdikləri fədakarlıq, qazilərimizin döyüşlərdə nümayiş etdirdikləri şücaət heç zaman unudulmayacaq. Şəhidlərimizin əziz xatirəsinin yaşadılması, qazilərimizə və şəhid ailələrinə diqqət və qayğının göstərilməsi hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur.
Eyni zamanda qeyd olundu ki, bu gün qarşıda duran əsas vəzifələrdən biri qazanılmış tarixi Zəfərin mahiyyətinin gənc nəslə düzgün çatdırılması, onlarda vətənpərvərlik hisslərinin, milli-mənəvi dəyərlərə bağlılığın və dövlətçilik düşüncəsinin gücləndirilməsidir.
Tədbir iştirakçıları bildiriblər ki, 8 Noyabr – Zəfər Günü yalnız hərbi Qələbənin qeyd edildiyi tarix deyil, həm də Azərbaycan xalqının birliyinin, həmrəyliyinin, əzminin və sarsılmaz iradəsinin təntənəsidir.
Qarabağ Azərbaycandır!







