Xəbərlər
Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Nurməmməd oğlu Teymurovun xatirəsi ehtiramla yad edildi

Astara rayonu Bəxtiyar Rüstəmov adına Asxanakəran kənd tam orta ümumtəhsil məktəbində Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Nurməmməd oğlu Teymurovun qəhrəmanlıq yolunu gənc nəslə tanıtmaq məqsədilə xatirə tədbiri təşkil olunmuşdur.
Tədbirdə Milli Qəhrəman Pəncəli Teymurovun anası Vahimə ana, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, Astara rayonu üzrə təhsil sektorunun müdiri Xədicə Əliyeva, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin sədri Cabir Hüseynov, həmçinin Astara rayonunun ümumtəhsil müəssisələrinin direktorları iştirak etmişlər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canını fəda etmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Məktəbin direktoru tədbiri açaraq qəhrəmanımız Pəncəli Teymurovun həyat yolu və döyüş igidliyindən söz açmış, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində görülən işlərə toxunmuşdur.
Çıxış edən qonaqlar qəhrəmanlarımızın keçdiyi şərəfli döyüş yolunun bu günün gəncləri üçün bir örnək olduğunu qeyd edərək, vətən torpaqlarının azadlığı uğrunda canlarından keçən igidlərin daim qəlblərdə yaşayacağını vurğulamışlar.












