“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin qonağı olub

22/04/2026, 02:08
xeber1

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Jurnalistika fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin anadan olmasının 115-ci ildönümünə həsr olunmuş “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin növbəti görüşü keçirilib. Layihənin ikinci dərsinin qonağı Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyəti sədrinin müavini, Əməkdar jurnalist Dağbəyi İsmayılov olub. Görüş “İnformasiya agentliklərinin iş prinsipi. Redaksiya işinin təşkili” mövzusuna həsr olunub.


Jurnalistika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev çıxışında professor Nəsir İmanquliyevin zəngin irsinin davamlı şəkildə öyrənilməsinin əhəmiyyətini vurğulayaraq bu təşəbbüsü “keçmişin gələcəyə töhfəsi” kimi dəyərləndirib. O, müəllimlərin yolunu davam etdirməyin və onların yaratdığı ənənələri yaşatmağın müəllim və tələbələrin mənəvi borcu olduğunu bildirib.


Əməkdar jurnalist Dağbəyi İsmayılov müasir media mühitində informasiya axınının idarə olunması, operativlik və dəqiqlik balansının qorunması, redaksiya proseslərinin səmərəli təşkili ilə bağlı praktik bilik və təcrübəsini tələbələrlə bölüşüb. O, informasiya agentliklərinin əsas missiyasının cəmiyyətə etibarlı, yoxlanılmış və operativ informasiya təqdim etmək olduğunu qeyd edib. Həmçinin redaksiya daxilində düzgün koordinasiyanın, məsuliyyət bölgüsünün və peşəkar etik prinsiplərə sadiqliyin keyfiyyətli jurnalistikanın əsas şərtlərindən olduğunu vurğulayıb. Natiq rəqəmsal transformasiya dövründə jurnalistlərin çevik düşünmə qabiliyyətinə malik olmasının vacibliyini diqqətə çatdıraraq jurnalistika ixtisası üzrə təhsil alan tələbələri daim öz üzərlərində işləməyə və hərtərəfli inkişaf etməyə çağırıb.


Görüş zamanı Dağbəyi İsmayılov professor Nəsir İmanquliyevlə bağlı xatirələrini də bölüşüb. O, görkəmli jurnalistin tələbələrinə münasibətindən, Azərbaycan jurnalistikasına gətirdiyi yeniliklərdən və milli mətbuat tarixindəki müstəsna xidmətlərindən bəhs edib. Professorun formalaşdırdığı peşəkar prinsiplərin müasir media mühitində də öz aktuallığını qoruduğunu bildirib.


Daha sonra Jurnalistika fakültəsinin THİK sədri, IV kurs tələbəsi Nurlan Cəbrayılzadə layihə çərçivəsində 300-dən çox tələbənin iştirakının nəzərdə tutulduğunu qeyd edib. O, layihənin sonunda iştirakçıların professor Nəsir İmanquliyev haqqında mediada dərc olunan yazıları əsasında “Professor Nəsir İmanquliyev dərsləri – yazı müsabiqəsi”nin keçiriləcəyini bildirib və tələbələri görkəmli jurnalistin irsini daha yaxından araşdırmağa dəvət edib.


Sonda tələbələrin sualları cavablandırılıb.


Qeyd edək ki, aprel və may aylarını əhatə edən layihə həftədə bir dəfə olmaqla 90 dəqiqəlik mühazirələr formatında təşkil edilir. Layihənin əsas məqsədi Azərbaycan jurnalistika tarixində mühüm iz qoymuş professor Nəsir İmanquliyevin zəngin elmi-pedaqoji irsinin sistemli şəkildə öyrənilməsi, təhlili və gənc jurnalistlər arasında təbliğidir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: